İyulun 25-də XV Avropa Gənclər Olimpiya Festivalının Heydər Əliyev adına İdman Arenasında keçirilən cüdo yarışlarının ikinci gününün görüşləri başlayıb.
Yarışların ikinci günündə qızlar 52, 57 və 63, oğlanlar 66 və 73 kiloqram çəki dərəcələrində çıxış edirlər. Gün ərzində Azərbaycanın üç idmançısı mübarizə aparacaq.
Qızların yarışında Aytac Qardaşxanlı (57 kq) onaltıdabir finalda finlandiyalı Erika Vauhkonen ilə qarşılaşacaq. Oğlanların mübarizəsində səkkizdəbir finalda Mətin Rzazadə (66 kq) Piyus Mikalauskas (Litva) - Elquca Şinçaraşvili (Gürcüstan) qarşılaşmasının qalibi, komandamızın bayraqdarı Vüqar Talıbov (73 kq) Yianis Yauseyenka (Belarus) - Mustafa Həbib (Bosniya və Herseqovina) görüşündə üstün olan idmançı ilə üz-üzə gələcək.
Xatırladaq ki, cüdo yarışlarının birinci günündə Azərbaycan idmançıları 1 qızıl və 2 bürünc medal qazanıblar. Qızıl medalı ölkəmizin aktivinə Turan Bayramov (60 kq), bürünc medalları isə Şükran Zamanlı (55 kq) və Gülşən Bəşirova (44 kq) ölkəmizin aktivinə yazdırıb.
İyulun 26-da qızlar 70 və 70 kiloqramdan yuxarı, oğlanlar 81, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.
Festivalda 40 ölkədən 297 cüdoçu mübarizəyə qoşulub. Azərbaycan bu nüfuzlu turnirə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə qatılıb.
|