Almaniyanın Lints şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı keçirilir.
52 ölkədən 811 idmançının yer aldığı çempionatda Azərbaycan da təmsil olunur. Ötən ilki dünya çempionatında 1 nəfərlik qayıqla (BM1X) yürüşdə qızıl medal qazanmış Aleksandr Aleksandrov artıq böyüklər kateqoriyasına keçib. Bu səbəbdən, o, Lintsdəki mundiala qatılmayacaqdır. Əvəzində 5 təmsilçimiz qüvvəsini sınayacaq.
1 nəfərlik yüngül çəkili qayıqla (BLM1X) 2000 metr məsafəyə yürüşdə Fərid Saadov yer alacaq. Bu kateqoriyaya hamıdan çox – 28 avarçəkən sifariş olunub. İdmançımız 23 yaşadək akademik avarçəkənlərin dünya çempionatında ilk dəfə çıxış edəcək.
İkinəfərlik sükansız qayıqla (BM2-) yürüşdə İqor Luçiç – Luka Dordeviç dueti mübarizə aparacaq. Bu cütlük 2009-cu ildə Serbiya yığmasının üzvləri kimi yeniyetmələr arasında dünya çempionu olub. 2011 və 2012-cü ildə 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatlarında isə onlar 4 nəfərlik qoşa avarlı qayıq (BM4X) ekipajının tərkibində qızıl medala sahib olublar.
Nəhayət, yeniyetmələr arasında son Avropa çempionumuz Boris Yotov İvan Antovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla (BM2X) çıxış edəcəklər. Onlar qələbə uğrunda 16 ölkədən olan duetlə yarışacaqlar. Yotov – Antov cütlüyü daha əvvəl böyüklər arasında Avropa çempionatına qatılıb.
Qeyd edək ki, dünya çempionatına iyulun 28-də yekun vurulacaq.