Bakıda keçirilən cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub.
Bakı İdman Sarayında təşkil olunan yarışda qadınlar arasında 7, kişilər arasında isə 9 komanda kubok uğrunda mübarizə aparıb.
Qadınların yarışında -52, -57, -63, -70 və +70 kiloqram, kişilərin yarışında -66, -73, -81, -90 və +90 kiloqram çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınayıb.
Yarışda komandalar uyğun olaraq qadınlar və kişilər arasında 2 fərqli qrupa bölünüb. Hər qrup daxilində komandalar bir-biri ilə qarşılaşıb. Qrup mərhələsində əldə edilən nəticələrə əsasən, müəyyən yerləri tutan kollektivlər yarımfinal və təsəlli mərhələdə mübarizəni davam etdirib.
Qadınlar arasında bürünc medal uğrunda görüşlərdə “Neftçi” İdman Klubu (2) 3:0 hesabı ilə “Umbayev Sport Klub”a, “Cüdo Klub” 2012 3:1 hesabı ilə “Azəri-Cüdo İdman Klubu”na qalib gəlib. Final görüşü “Neftçi” İdman Klubu (1) ilə Şuşa UGİM arasında keçirilib. Şuşa UGİM 3:1 hesabı ilə qalib gələrək qadınlar arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Kişilər arasında bürünc medal uğrunda görüşlərdə Neftçi İdman Klubu (1) 3:0 hesabı ilə “Neftçi” İdman Klubuna (1), “Kanokan TT” İdman Klubu 3:1 hesabı ilə “Sərhədçi” İdman Mərkəzinə qalib gəlib. Final görüşü “Cüdo Klub 2012” ilə “Atilla” İdman Klubu arasında keçirilib. “Cüdo Klub 2012” 3:1 hesabı ilə qalib gələrək kişilər arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Qalib komandalara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi Azər Əsgərov, vitse-prezident Elnur Məmmədli və ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu təqdim ediblər.