Akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Tədbir Aşağı Köndələnçay su anbarında gerçəkləşib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səsləndiriləndən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları salamlayıb:
"Tarixi və əlamətdar gündür. İkinci dəfə Füzulinin şəhər günü qeyd olur. İlk dəfə beynəlxalq turnirin burada təşkili buna rəng qatır. Turnirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm. Dörd il əvvəl Füzuli işğaldan azad olundu. Xalqımız öz torpağına qovuşdu".
Yarışı açıq elan edən Fərid Qayıbov qonaqları salamlayıb və iştirakçılara uğurlar arzulayıb:
"Qarabağa, Füzuliyə xoş gəlmisiniz!"
Qeyd edək ki, Füzulinin işğaldan azad olunmasından dörd il keçir. Reqata oktyabrın 18-də başa çatacaq.
|