“Kəpəz”in futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.
31 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Araz-Naxçıvan”la ev görüşünə təsadüf edib. O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçda son qolun müəllifi olub.
A.Yunanov Premyer Liqadakı 191-ci oyununda “50”yə çatıb. Forvardın orta məhsuldarlığı 0,26-ya bərabərdir.
Bu, forvardın “Kəpəz”də ilk qolu olub. O, bunadək “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də 1 dəfə fərqlənib.
Qeyd edək ki, Amil Yunanovun Premyer Liqada ilk qolu 2011/2012-ci illər mövsümünə təsadüf edib. O, 2012-ci il mayın 11-də “Qəbələ”nin “Neftçi” ilə səfər görüşündə həlledici qola imza atıb – 1:0.
|