İyulun 25-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının dördüncü gününün səhər sessiyasına yekun vurulub.
Səhər sessiyasında atletlər 100 metr məsafəyə maneələrlə qaçış, 800 metr məsafəyə qaçış, hündürlüyə tullanma, nüvəitələmə, nizəatma və çoxnövçülük növlərində mübarizə aparıblar.
Qızlar arasında 100 metr məsafəyə maneələrlə qaçış yarışında finala Ditayi Kambundyi (İsveçrə), Aitana Radsma (İspaniya), Fransiska Şuster (Almaniya), Marika Mayevski (Polşa), Lea Vendom (Fransa), Martina Cuççi (İtaliya), Yohanna Plank (Avstriya) və Tanya Kokkonen (Finlandiya) vəsiqə qazanıblar.
Oğlanlar arasında 800 metr məsafəyə qaçış yarışında da finalçılar məlum olub. David Karranza (İspaniya), Kristof Roznitski (Polşa), Yovan Rosiç (Bosniya və Herseqovina), Ytauv Enqidav (İsrail), Kristian Otlot (Estoniya), Yakub Davidik (Çexiya), Tobias Qronstad (Norveç) və Filip Revay (Slovakiya) adlarını finala yazdırmağa müvəffəq olublar.
Qızlar arasında hündürlüyə tullanma növündə 12 atlet finalda mübarizə aparmaq hüququ əldə edib. Bu növ üzrə finalda Stiliana İoannidou (Kipr), Lauren Maksvel (Fransa), Marite Enqondo (İsveçrə), Giada De Martino (İtaliya), Alesia-Maria Renqle (Rumıniya), Adelina Halikova (Rusiya), Klara Kreyçirikova (Çexiya), Dariya Ozerianova (Ukrayna), Aoife Osallivan (İrlandiya), Aleksandra Yankovska (Polşa), Luiza Tremel (Almaniya), Lotta Putkiranta (Finlandiya) və Veronika Çaynov (İsrail) qüvvələrini sınayacaqlar.
Nüvəitələmə üzrə oğlanların yarışında da finalçılar müəyyənləşib. Beləliklə, bu yarışın finalında Marius Vasile (Rumıniya), Yesper Ahlin (İsveç), Xose San Pastor (İspaniya), Karolis Qelazius (Litva), Miika Lahtonen (Finlandiya), Muhamet Ramadani (Kosovo), Konstantinos Gennikis (Yunanıstan), Mikalay Lozka (Belarus), Kevin Reim (Almaniya), Semyon Borodayev (Rusiya), Leo Çvalovska (Fransa) və Yephte Vogel (İsveçrə) medallar uğrunda mübarizə aparacaqlar.
Qız atletlər arasında nizəatma yarışlarında 12 atlet adlarını finala yazdırıblar.
Axşam sessiyasında 200, 400, 2000 metr məsafələrə qaçış, 400 metr məsafəyə maneələrlə qaçış, şüvüllə tullanma, uzunluğa tullanma, çəkicatma və çoxnövçülük yarışlarının final mərhələləri keçiriləcək.
Qeyd edək ki, Azərbaycan atletlərindən qızlar arasında 100 metr məsafəyə maneələrlə qaçış yarışında Ayana Seyuşova (17,19 saniyə), hündürlüyə tullanmada Ləman Hüseynova (1,49 metr) və oğlanların 800 metr məsafəyə qaçış yarışında çıxış edən Vahid Kərimov mübarizəni dayandırıblar.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 36 ölkədən 641 idmançı mübarizəyə qoşulub. Azərbaycan bu yarışlara 18 idmançı ilə qatılıb.
"EYOF 2019"un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.
|