Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Noyabrın 11-də axşam proqramında milli komandamızın daha 3 üzvü rinqə çıxıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov ilk görüşdə İngiltərə idmançısı Konnor Batleri məğlub edib – 2:1. Boksçumuz 14 finalda Ermənistan nümayəndəsi Sergey Getevonyanla qarşılaşacaq.
Tayfur Əliyev də (52 kq) ilk görüşünü qələbə ilə başa vurub. Həmyerlimiz rumıniyalı Marian Ruta üzərində çətin qələbə qazanıb – 2:1. Əliyev 14 finalda macarıstanlı İştvan Szaka ilə üz-üzə gələcək.
İsmayıl Hüseynov isə (63 kq) İrlandiya təmsilçisi Cohn Coyza uduzaraq, yarışla vidalaşmalı olub. Qeyd edək ki, noyabrın 16-dək davam edəcək yarışda millimiz baş məşqçi Rasim Məmmədov, məşqçilər Elbrus Rzayev, Hüseyn Bağırov və Təvəkkül Məmmədovun rəhbərliyi altında çıxış edir. Avropa birinciliyində 13 yeniyetmə boksçumuz gücünü sınayır.