Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Omar” Atçılıq Mərkəzində ənənəvi “Omar Kuboku” uğrunda konkur yarışları keçirilib.
A kateqoriyası 90 sm və M koteqoriyası üzrə 120 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər.
12 idmançının iştirak etdiyi A koteqoriyasında baş tutan mübarizədə “Məktəb” atçılıq klubunun idmançısı Leyla Mirzəyeva “Tibet” ləqəbli atla birinci, həmin məktəbin digər idmançısı Kamilla Həsənbəyova “Pür-Pür” ləqəbli atla ikinci, “Omar” atçılıq klubunun idmançısı Kənan Novruzov “Lothar 41” ləqəbli atla üçüncü, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançısı Rüqayə Məhərrəmova “Püstə” ləqəbli atla dördüncü, “Sərhədçi” atçılıq klubunun idmançısı Qəzənfər Fərzəliyev isə “Əsanə” ləqəbli atla beşinci olub.
M kateqoriyasında yaş məhdudiyyəti olmadan 21 idmançının mübarizə apardığı yarışda “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla birinci, “Omar” atçılıq klubunun idmançısı Kənan Novruzov bu dəfə “Lothar 41” ləqəbli atla ikinci, “Elit” atçılıq klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla üçüncü, həmin klubun digər idmançısı Anar Hümbətov “Damla” ləqəbli atla dördüncü, “Elit” atçılıq klubunun digər idmançısı Aydan Ağayeva isə “Zirvə” ləqəbli atla beşinci pillədə qərarlaşıb.
Yarışın sonunda hər iki koteqoriyada ilk 5 yerin sahibi, ümumilikdə 10 nəfər fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
|