“Villa Kortese”nin voleybolçusu Vilmarye Mojika Azərbaycan çempionu “Rabitə” ilə oyun barədə danışıb. 2010/2011 mövsümündə “Bakı”nın şərəfini qorumuş Puerto-Riko millisinin üzvü Super Liqanın qalibinin güclü olduğunu etiraf edib.
Onun sözlərinə görə, “Rabitə” ilə matçda baş məşqçiləri bir neçə dəfə tay-brek götürsə də, bu qarşılaşmanın taleyinə təsir etməyib: “Biz çox güclü komandaya qarşı oynadıq. İlk seti faciəvi keçirdik. Hamımız çaşqın və qorxmuş vəziyyətdə idik. Rəqib isə artıraraq, daha yaxşı oynayırdı. Səhvlərimiz nəticəsində oyunu 5-ci hissəyə daşıya bilmədik. Ancaq bütün bunlara baxmayaraq, oyunumuz bizi razı saldı. Belə ki, titula namizədlərdən biri səviyyəsinə yaxınlaşmışıq. Düzdür, oyunda dönüş yarada bilərdik. Lakin məşqçimiz bir neçə dəfə tay-brek götürsə də, sonda rəqib istəyimizi həyata keçirməyə imkan vermədi. Artıq növbəti matçlara hazırlaşmaq lazımdır”.
Qeyd edək ki, oyun Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
|