Aprelin 21-dən 23-dək Bakı gimnastika üzrə daha bir yarışa ev sahibliyi edəcək. Bu dəfə dünyanın ən güclü bədii gimnastları ölkəmizdə təşkil olunacaq dünya kuboku yarışlarında bir araya gələcəklər.
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi dördüncü beynəlxalq yarışda 40 ölkədən 135 idmançı fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaq.
Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.
Turnirdə ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq yeddinci dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
|