Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Berlində keçirilən növbədənkənar Baş Assambleyası çərçivəsində təşkil olunan üzv ölkələrin iclasında çıxış edib.
çıxış zamanı Komitə prezidenti İ.Rəhimov Azərbaycanda paralimpiya hərəkatının inkişafı, ölkəmizdə əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası, əldə edilmiş nailiyyətlər və gələcəkdə görüləcək işlər barədə məlumat verib.
İ.Rəhimov bildirib ki, 1996-cı ildə öz fəaliyyətinə başlayan AMPK minlərlə fiziki məhdudiyyətli şəxsləri idmana cəlb edib, onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayıb. Yarandığı gündən Beynəlxalq Paralimpiya Komitəsi ilə sıx əməkdaşlıq edən AMPK hər zaman iki qurum arasında əlaqələrin inkişaf etdirilməsinə mühüm töhfə verib. Təsadüfü deyil ki, 2019-cu ildə Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr edilmiş “Yenilməzlər” beynəlxalq qala-təqdimatı məhz Azərbaycanda keçirilib və bu, ölkəmizdə Paralimpiya hərəkatına olan diqqətin əyani göstəricisidir.
Komitə rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə fiziki məhdudiyyətli şəxslərə, onların sosial rifahının yaxşılaşdırılmasına, idmana, o cümlədən Paralimpiya hərəkatının inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.
Daha sonra Komitə prezidenti dünyada ilk dəfə Azərbaycanda yaradılan uşaq Paralimpiya hərəkatının fəaliyyəti barədə geniş məlumat verərək qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqların idman vasitəsilə cəmiyyətə inteqrasiyasını təmin etmək, eləcə də yeni nəsil paralimpiyaçıları yetişdirmək AMPK-nın prioritet məsələlərindəndir.
Çıxışının yekununda İ.Rəhimov AMPK-nın digər ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini, ölkəmizin Paralimpiya hərəkatının inkişaf modelinin böyük məmnuniyyətlə digər dövlətlərlə bölüşməyə hazır olduğunu bildirib.
|