Mayın 24-də Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin 6-10-cu turlarının partiyaları oynanılacaq.
Günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gələcəklər. Sonrakı turlarda Ş.Məmmədyarov ermənistanlı Levon Aronyan, rusiyalı Yan Nepomnyaşi, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaq. T.Rəcəbovun növbəti turlarda rəqibləri Y.Nepomnyaşi, U.So, M.Vaşye-Laqrav, A.Piçot olacaq.
Turnirin ilk beş turunda T.Rəcəbov 3 xalla 6-cı, Ş.Məmmədyarov 1,5 xalla 14-cü pillədə qərarlaşıblar.
“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.
“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.