İtaliyanın Milli Olimpiya Komitəsinin sədri Giovanni Malaqo Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istədiklərini insidethegames saytına bildirib.
Azsport.az saytının verdiyi məlumata görə, Milli Olimpiya Komitəsinin sədri qeyd edib ki, əgər İtaliyanın namizədliyi təsdiqlənərsə, Eudjenio Monti yolunda bobsley, skeleton yarışlarının keçirilməsini planlaşdırırlar: “BOK-un keçən ay nəşr olunan hesabatında bildirilib ki, oyunlarda istifadə olunacaq yerlər üçün böyük tikinti işlərinin aparılması vacibdir. Həmçinin Avstriyanın İnsbruq və İsveçrənin Sankt-Morits kimi məkanların diqqətə alınması qeyd olunub. Mən düşünürəm ki, bu yarışların İtaliyada keçirilməsi ən ideal variantdır. Bobsley, skeleton kimi yarışların keçirilməsi üçün Eudjenio Monti yolu var. Biz çox istərdik ki, yarışlar Kortina-d`Ampetstso şəhərində yenidən keçirilsin və rəqabət məhz İtaliyada olsun. Bunun üçün biz əlimizdə olan bütün imkanlardan istifadə etməyə hazırıq”.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil edilmiş sessiyasında 2026-cı ildə Qış Olimpiya Oyunlarının Kanadanın Kalqari, İsveçin Stokholm, İtaliyanın Milan və Kortina-d`Ampetstso şəhərlərində keçirilməsi namizədliyi təsdiqlənib. Ağ olimpiadaya ev sahibliyi edəcək şəhərin adı 2019-cu ildə müəyyənləşəcək.
|