|
|
İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın! |
|
Tarix: 14.11.2014 | Saat: 11:12:00 | E-mail | Çapa göndər
|
|
Dilqəm Quliyev | d.quliyev@mail.ru
d.quliyev@mail.ru
Az.DBTİA-nın prorektoru, professor,
Əməkdar bədən tərbiyəsi və idman xadimi
2015-ci il ölkəmiz, onun idman həyatı üçün əlamətdar olacaq. Çünki gələn il tarixin ilk Avropa Oyunlarının vətəni məhz Azərbaycan olacaq. Əlbəttə, belə bir mötəbər beynəlxalq idman tədbirinin keçirilməsinin Odlar yurduna həvalə olunması ölkəmizə inamın, etibarın daha bir nümunəsidir. Azərbaycan artıq idman ölkəsi kimi də sözünü demiş ölkələrdəndir. 2015-ci il ilk Avropa Oyunlarına bunun daha bir təsdiqi olacaq. İndi Oyunlara hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm layihələrin icra olunur, infrastruktur dəyişiklikləri edilir, müasir idman mərkəzlərinin yaradılması istiqamətində sürətlə iş aparılır. Məlumdur ki, olimpiya oyunlarının bir çox yazılmış və yazılmamış qanunları, ənənələri, mərasimləri və ayinləri var. Hətta onların bir qismi ilə bağlı sirlər də yalnız son məqamlarda açılır. Olimpiya məşəlinin yandırılması məhz belə sirr-sehrli ənənələrdəndir. Ümumiyyətlə, olimpiya məşəlinin yandırılması və yarışların keçiriləcəyi arenaya gətirilməsi böyük mərasimlərə şahidlik edən ayindir.
Müasir olimpiya hərəkatında məşəl ilk dəfə 1928-ci il Yay Olimpiya Oyunlarında Amsterdamda təqdim olunub və o vaxtdan olimpizmin ən vacib rəmzlərindən birinə çevrilib. Onun Yunanıstanda, Olimp dağının ətəklərində alovlandırılıb müxtəlif ölkələrdən keçirilməklə Oyunların vətəninə gətirilməsi 1936-cı ildə Berlin Yay Olimpiya Oyunlarından başlayır və ideyanın müəllifi Karl Diyem idi. «Krupp» silah şirkətinin istehsalı olan məşəl çökük linza ilə yandırıldıqdan sonra Berlinə 12 günə 3 min 187 km məsafə qət edən 3 min 331 marafonçunun iştirakı ilə gətirilmişdi.
Məşəlin dizaynı hər bir Olimpiya oyunu üçün müxtəlif formalarda olur və estafetlərdə istifadə olunur. Məsələn, 1948-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarının məşəlini memar Ralf Lavers hazırlamış və bu məşqsədlə 47 sm uzunluğunda olan 960 qramlıq alüminium külçəsindən istifadə etmişdi.
Onun müxtəlif yollarla ötürülməsi mümkündür. 2014-cü ildə Soçi Qış Olimpiya Oyunlarının məşəli tarixdə ilk dəfə kosmosa daşınmışdı. 2000-ci ildə onu Böyük Sədd Rifində dalğıclar su altına da aparmışdılar. 1976-cı ildə də alov qeyri-adi yolla ötürülüb. Afinadan peyk vasitəsilə Kanadaya ötürülən radiosiqnal lazer şüası ilə məşələ çevrildi.
Müasir dövrdə Olimpiya məşəli Olimpiya oyunlarının açılış mərasimindən bir neçə ay öncə afina yaxınlığında Hera məbədində günəşin şüalarını parabolik güzgü ilə istiqamətləndirməklə alovlandırılır.
Avropanın ilk olimpiya timsallı oyunlarının da özünəməxsus ayinləri və mərasimləri olmalıdır. Bu xüsusda məşəlin alovlandırılması ilə bağlı xüsusi tədbirlər planı da olacaq.
Od, alov, məşəl ölkəmizin tarixində, milli adət-ənənəlrimizdə xüsusi yer tutur. Təsadüfi deyil ki, qədim tarixə malik Azərbaycana hələ qədim dövrlərdən «Odlar yurdu» da deyirlər.
Abşeronda qədim zamanlardan əbədi yanan ocaqlar mövcud olub və bu gün də qalmaqdadır. “Yanar dağ” adlarndırdığımız ərazidə torpağın öz-özünə “yanması” elə indinin özündə də insanları heyrətə gətirir. Atəşgah məbədi indi də paytaxtımızın qonaqlarının və turistlərin ən çox üz tutduğu yerlərdəndir.
Bəzi mənbələrdə Azərbaycanın Odlar Yurdu kimi tanınmasının atəşpərəstliklə əlaqələndirilməsinə ilə bağlılığı ilə əlaqələnir. İçərişəhərdəki Cümə məscidinin atəşpərəst zərdüştilərin məbədgahının yerində tikilməsi barədə rəvayət Bakı əhalisi arasında indiyədək yaşayır. Bizans diplomatı Prisk yazırdı: «Midiyaya basqın edən hunlar geri qayıdarkən başqa yolla döndülər və dənizdəki qayada yüksələn alovun yanından ötərək vətənlərinə qayıtdılar».
Bəziləri bunu Atropatın adı ilə, bəziləri “Adərbaycan”, “Odər” və başqa sözlərlə açırlar. Bəzilərinin fikrincə, Yunan mifologiyasında Prometeyin odu oğurlayıb bəşəriyyətə verdiyi üçün Zevsin əmri ilə onu Qafqaz dağlarına zəncirlənməsi də bunda rol oynayıb. Mirəli Seyidovun qənaətincə bu türklərin mifik qəhrəmanı Dədə Qorqud obrazıdır. O, yazır ki, Qorduz sözü «Qor» yəni od, «qut» yəni xoşbəxtlik sözlərinin birləşməsindən əmələ gəlib.
Ancaq Azərbaycanın odla simvollaşdırılmasının başqa səbəbləri də var. Qədimdən ərazimizdə neft və qazın olması və bunun nəticəsində təbii məşəllərin meydana gəlməsi də bu fikrin yaranmasına səbəb olub. Eyni zamanda islam dini mənbələrində də Azərbaycan haqda az saylı hədis və rəvayətlərdə od ifadəsinə rast gəlinir. Məsələn hədislərin birində qeyd olunur ki, qiyamətdən öncə Azərbaycandan od görünəcək.
Maraqlıdır ki, hadisədə od ifadəsinin məhz Azərbaycanla yanaşı çəkilməsi diqqət çəkəndir. Bu isə onu göstərir ki, od ifadəsinin Azərbaycanla yanaşı işlədilməsinin həm də dini əsasları olub.
Bakının müasir tarixində od-alovla bağlı rəmzlərə xüsusi hörmətlə yanaşılır. Müasir Bakının rəmzlərindən birinə çevrilmiş məşhur «Alov Qüllələri» də diqqəti çəkir. İnşası 2007-2012-ci illər ərzində həyata keçirilmiş qüllələrdən ən hündürü 190 metrdir və 10.000-dən çox lampalardan ibarət led lövhələr gecələr şəhərin ümumi ab-havasına yeni cizgi gətirir və diqqət çəkir.
Söz yox ki, ilk Avropa Oyunlarının məşəlinin də yandırılacağı yer xüsus maraq doğurur. Simvolik olaraq, dünya olimpiya hərəkatının məşəlinin mənbəyi günəş şuasından alınan enerji təşkil edir. Avropanın ilk Oyunları isə odla bağlı qədim tarixə malik Azərbaycanda keçiriləcək və buna görə də məşəlin Yanardağda alovlandırılmasını təklif edirəm. Fikrimcə, bu, məntiqə uyğun olar və ölkəmizin məhz od-alovla bağlı tarixinin, adət-ənənələrinin tərənnümü olar.
|
|
|
|
Xəbər 4043 dəfə oxundu
|
Müəllifin son yazıları
|
|
|
|
|