Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı çərçivəsində iyunun 8-də elit kateqoriyasında yarışlardan əvvəl Veloparkda fotomüxbirlər üçün seminar keçirilib.
Seminara Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mətbuat xidmətinin rəhbəri Luis Şenel başçılıq edib.
Toplantıda, həmçinin dünya çempionatının texniki nümayəndəsi, “Bakı-2018”in və Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin əməkdaşları, BMX yarışlarının peşəkar fotoqrafları və UCI-nin nümayəndələri iştirak ediblər.
Seminarda BMX stadionunda fotomüxbir zonaları, trek ərazisində və ətrafında fotoçəkiliş, təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verilib.
Sonda dünya çempionatının işıqlandırılmasında iştirak edən fotomüxbirlərin sualları cavablandırılıb.