“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks üzrə Azərbaycan kuboku yarışında finalçılar məlum olub. 75 kq çəki dərəcəsində Xaybulla Musalovun yarımfinalda uduzması çoxları üçün gözlənilməz olub. “Baku Fires” klubunun üzvü Kamran Şahsuvarlı ilə döyüşdən məğlub ayrılıb. 69 kq çəki dərəcəsində də yarımfinal döyüşləri gərgin keçib. Ramal Aslanov Yevgeni Romaşkeviçi gərgin mübarizədə üstələyə bilib. Bu çəkidə digər yarımfinalda isə Pərviz Bağırov cüzi fərqlə Tamerlan Abdullayev üzərində qələbə qazanıb. Milli komandamızın üzvlərindən Salman Əlizadə (49 kq), Tural Əhmədov (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Teymur Məmmədov (91 kq) finala vəsiqə qazanıblar. Final görüşləri oktyabrın 10-da saat 14.00-da başlayacaq.