Meksikanın Verakrus ştatında parataekvondo üzrə Qran-Pri turnirinə yekun vurulub.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış milli komandamız üçün uğurlu alınıb.
Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kiloqram, K-44) Azərbaycan Himnini səsləndirib. Bütün döyüşlərini qələbə ilə bitirən parataekvondoçu çempion tituluna yiyələnib.
Onun uğurunu İmaməddin Xəlilov (70 kiloqram, K-44) da təkrarlayıb. Təmsilçimiz bütün rəqiblərini məğlub edərək, yığmaya ikinci qızıl medalı qazandırıb. Milli komandanın aktivinə digər mükafatı Əbülfəz Abuzərli (80 kiloqram, K-44) yazdırıb. Parataekvondoçumuz bürünc medala yiyələnib.
Beləliklə, Qran-Priyə qatılan hər 3 idmançımız çıxışını mükafatla başa vurub.
Qeyd edək ki, bu heyət eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial 21 – 24 sentyabrda baş tutacaq.
|