|
|
Bəxtiyar Quliyev: Şəhid Emil Qurbanovun xatirəsinə həsr olunan turnirin ənənə halını almasını istəyirik |
|
Tarix: 28.08.2022 | Saat: 11:04:00 | E-mail | Çapa göndər
|
|
Vətən müharibəsi şəhidi Emil Qurbanov ilə əvvəlcədən dostluğum olub. E.Quliyev özü də idmanla məşğul olub və pauerliftinq üzrə Avropa çempionatının gümüş mükafatçısıdır. Onunla sonuncu görüşüm Vətən müharibəsindən əvvəl təşkil olunan güc idman növləri üzrə Azərbaycan çempionatında olmuşdu. Həmin yarışda Lənkəranda turnir keçirilməsi barədə fikir mübadiləsi apardıq.
Bu sözləri Azərbaycan Stronqmen Federasiyasının (ASF) prezidenti Bəxtiyar Quliyev Lənkəran Olimpiya İdman Kompleksində şəhid Emil Qurbanovun xatirəsinə həsr olunan güc idman növləri üzrə turnirin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.
Bu yarışı ötən il keçirməyi düşündüklərini bildirən federasiya rəsmisi qeyd edib ki, ancaq qismət bu ilə oldu. İnanıram ki, bu yarışda iştirak edən gənc idmançılar gələcəkdə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək və onlar Avropa və dünya çempionatlarında mükafatçılar sırasında yer alacaqlar.
Yarışda ölkəmizin bütün bölgələrindən idmançıların iştirak etdiyini vurğulayan B.Quliyev turnirə 100-dək idmançının qatıldığını deyib: “Biz bu yarışa belə marağın olacağını düşünmürdük. Çünki bu yarış federasiyanın təqvimində yer almayıb. Ancaq yarışa olan böyük maraq və şəhid Emil Qurbanovun xatirəsinə hörmət bizi çox sevindirdi. Yarış yüksək səviyyədə təşkil olunub və maraq çox böyükdür. Yarışın ənənə halı almasını istəyirik”.
Xatirə turniri stritliftinq, didlift və benç-press növləri üzrə təşkil olunur. Yarışda idmançılar 70, 80, 90 və 100 kiloqram çəki dərəcələrində medallar uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, şəhid Emil Qurbanov federasiyanın nümayəndəsi olub və güc idman növlərinin Cənub bölgəsində inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüb. Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsində taqım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi və ASF-nin təşkilatçılığı ilə keçirilir.
|
|
|
|
Xəbər 403 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|