|
|
Yeniyetmə boksçulardan ibarət Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşırlar |
|
Tarix: 27.08.2022 | Saat: 09:04:00 | E-mail | Çapa göndər
|
|
Yeniyetmə boksçulardan ibarət İsrail millisi Azərbaycanda səfərdədir. Qonaqlar Bakı Boks Mərkəzində Avropa birinciliyinə hazırlaşan yığma komandamızla birgə məşq edirlər.
Doqquz idmançıdan ibarət heyətlə ölkəmizə gələn israillilər təlim-məşq toplanışı çərçivəsində millimizin üzvləri ilə sınaq döyüşlərində də güclərini yoxlayırlar. Komandalar 10 gün birgə hazırlıq keçəcəklər.
İsrail yığmasının böyük məşqçisi Valeri İlyayev ölkəmizdə onlara göstərilən qonaqpərvərlikdən razı qaldığını vurğulayıb. Azərbaycanda doğulan təcrübəli mütəxəssisin sözlərinə görə, Bakıya səfər və buradakı yoldaşlıq döyüşləri komandasında yer alan yeniyetmə boksçulara təcrübə baxımından çox faydalı olacaq: “Azərbaycan yığması dünyanın ən yaxşılarındandır. Biz burada hər şeydən razıyıq və hazırlıq keçmək üçün şərait ən yüksək səviyyədədir. Komandamızı Azərbaycana dəvət etdiyi üçün federasiyaya dərin təşəkkürümü bildirirəm. Həmçinin millinizin məşqçilər korpusu bizimlə birgə təcrübəsini bölüşdüyü üçün onlara da minnətdaram. Bu hazırlıq Avropa birinciliyində uğurlu çıxışa hesablanıb. İnanıram ki, iki ölkənin birgə təlim-məşq toplanışı qarşıdakı yarışda hər bir boksçu üçün çox faydalı olacaq”.
Azərbaycan yığmasının baş məşqçisi Vaqif Kazımov da birgə hazırlığın gələcək uğurlar üçün faydalı olacağını vurğulayıb. O qeyd edib ki, məhz belə toplanışlarda boksçuların güclü və zəif cəhətləri daha çox nəzərə çarpır, onlar üzərində xüsusi işlənilir.
Qeyd edək ki, Avropa birinciliyi sentyabrın 25-dən oktyabrın 5-dək Montesilvano şəhərində keçiriləcək.
|
|
|
|
Xəbər 324 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|