Almaniyanın Münhen şəhərində keçirilən Dünya Kubokunun III mərhələsində Azərbaycan akademik avarçəkəni Nataliya Mustafayeva 5-ci yeri tutub. İdman.com.az saytının məlümatına görə, 27 yaşlı təmsilçimiz finalda 2000 metr məsafəni 8 dəqiqə 9,03 saniyəyə qət edib.
O, yalnız irlandiyalı Sanita Puspureni (8:14.05) qabaqlaya bilib. Qızıl medala belaruslu 2 qat olimpiya və 6 qat dünya çempionu Yekaterina Karsten layiq görülüb. 40 yaşlı əfsanəvi avarçəkən finişə 7 dəqiqə 52,74 saniyəyə çatıb. Gümüş medala son iki dünya çempionatının bürünc mükafatçısı Emma Tviqq sahib olub. Yeni Zelandiya təmsilçisi 7 dəqiqə 56,22 saniyə nəticə göstərib. 23 yaşadək akademik avarçəkənlər arasında ikiqat dünya çempionu, litvalı Donata Vistartayte finişə 7 dəqiqə 58,60 saniyə nəticə ilə 3-cü çatıb.
Qeyd edək ki, London olimpiadasında ölkəmizi təmsil edəcək Nataliya Mustafayeva Dünya Kubokunun yalnız I mərhələsində medal qazana bilib. O, 4 – 6 mayda Serbiya paytaxtı Belqradda bürünc medala yiyələnib. Mustafayeva sonrakı 2 mərhələdə finala çıxsa da, müvafiq olaraq, 4-cü və 5-ci yerlərlə kifayətlənib. Amma hər üç mərhələdə finaladək irəliləməsi akademik avarçəkənimizin sabit çıxışından xəbər verir.
Mustafayeva olimpiadada da görüşəcəyi rəqiblərlə başabaş mübarizə aparmaqla Londonda mükafatçılar sırasına düşməyə layiq olduğunu nümayiş etdirib.
|