İsmayıllıda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçirilib.
Azsport.az AFFA-ya istinadla xəbər verir ki, İvanovka kənd tam orta məktəbin idman zalında təşkil olunan yarışda 12 məktəbdən 105 şagird iştirak edib.
Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 görüş, ertəsi gün isə pley-off mərhələsinin qarşılaşmaları və final oyunu keçirilib. UEFA-nın və AFFA-nın dəstəyi ilə təşkil olunmuş turnirdə komandalar top və idman gödəkçələri ilə təmin olunublar.
Turnirin qalibi 2 nömrəli tam orta məktəbin komandası olub. Topçu kənd tam orta məktəbin təmsilçiləri yarışı ikinci, İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin komandası isə üçüncü pillədə başa vurublar.
Ən yaxşı oyunçu 2 nömrəli tam orta məktəbin şagirdi Səbinə Mursalzadə seçilib.
Xatırladaq ki, layihənin əsas məqsədi gələcəkdə qızlar futzal liqasının, eləcə də qadınlardan ibarət milli komandanın yaradılmasıdır. “Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən, Lənkəran, Qax və Gəncədə təşkil olunub.
|