Bakı şəhərindəki 167 nömrəli tam orta məktəbin üçüncü sinif şagirdi Rahim İsmayılov Gürcüstanın Batumi şəhərində karate idman növü üzrə keçirilən dünya çempionatında erməni idmançını 10:0 hesabı ilə məğlub edərək birinci yerin sahibi olub.
Qeyd edək ki, istedadlı idmançı R.İsmayılov dəfələrlə beynəlxalq yarışlarda iştirak edərək parlaq uğurlar qazanıb, Azərbaycanı layiqincə təmsil edib. Belə ki, R.İsmayılov karate idman növü üzrə Ukraynada keçirilmiş VIII dünya kubokunda birinci, İranda təşkil olunmuş dünya çempionatında üçüncü yerə layiq görülüb. Türkiyədə keçirilmiş VII dünya kubokunda isə 25 kiloqram çəki dərəcəsində üçüncü yeri tutub.
R.İsmayılov ölkə səviyyəli yarışlarda da bir sıra ciddi nailiyyətlər əldə edib. Belə ki, karate idman növü üzrə İsmayıllıda keçirilən Azərbaycan çempionatında ikinci, Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş klublararası Respublika turnirində isə birinci yerə layiq görülüb.
Onu da qeyd edək ki, R.İsmayılov 2014-cü ildən “Əlincə” İdman Klubunda məşqçi Elşən Xamoyevin qrupunda şotokan karate idman növü ilə məşğul olur.
|