“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsində Polşa “Poloniya”sına qarşı keçirdikləri oyunla bağlı fikirlərini açıqlayıb. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan çempionunun rəsmisi bunları deyib:
“Bu turnirdəki bütün oyunlar çətindi. Çünki iştirakçı komandalar güclüdülər. “Poloniya” Polşa futbolunun liderlərindən biridi. Qeyd etmək istərdim ki, “Neftçi”də legionerlər azdır. “Poloniya” və “Metallist”ə qarşı daha çox öz yetirmələrimizlə oynadıq. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Biz təkcə öz klubumuz yox, həm də Azərbaycan futbolunun, yığmasının inkişafı barədə düşünürük, kadrlar hazırlamağa çalışırıq.
Əsas prioritet məsələlərdən biri öz yetirmələrimizi yetişdirməkdir. Biz qarşımıza belə bir hədəf qoymuşuq və bu yolla irəliləyirik. Ümid edirəm ki, yaxın illərdə “Neftçi” Çempionlar Liqasının, Avropa Liqasının qrup mərhələsində çıxış edə biləcək”.
|