UEFA reytinq siyahısını açıqlayıb. Avrokubokların qrup mərhələsinin ilk turundan sonra cədvəldə cüzi dəyişikliklər olub.
Komandası mübarizəni davam etdirən 28 ölkə təmsilçilərinin 3 gün davam edən oyunlarında iki Azərbaycan klubu da qüvvəsini sınayıb. Yunanıstan PAOK-u ilə evdə qolsuz heç-heçə edən “Qəbələ” ölkəmizin hesabına daha 0,250 xal qazandırıb. İngiltərədə “Tottenhem”ə 1:3 hesabı ilə uduzan “Qarabağ” isə reytinqə xal qazandırmayıb.
Beləliklə, cari mövsüm əldə olunan xalımız 3,375-ə çatıb. Bu da ötən mövsüm qeydə alınan rekordumuzun (3,625) təkrarına daha da yaxınlaşdırıb. Bunun üçün qarşıdakı oyunlarda bir heç-heçə də kifayətdi. Çünki təsnifat və pley-offdan fərqli olaraq, əsas mərhələdə qələbə 0,500, heç-heçə 0,250 xal gətirir.
Hesabımızdakı xalın 1,375-ni “Qəbələ” qazanıbsa, “Qarabağ” 1,000, “İnter” 0,750, “Neftçi” 0,250 xal gətirib.
Son 5 mövsümün nəticəsinə görə hesablanan əmsalımız 13,875-ə çatıb. Bu isə Azərbaycan futbolu tarixində yeni rekorddu. Rekord irəliləməyimizə imkan verməsə də, 26-cı pillədəki mövqeyimizi qorumuşuq.
Avropanın 26-cısı olan ölkəmiz 25-ci olan Şotlandiyadan 2,925 xal geri qalırsa, ən yaxın izləyicisi Serbiyanı 0,250 xal qabaqlayır. Bu isə o deməkdi ki, “Qəbələ” heç-heçə etməsəydi, bir pillə geriləyəcəkdik. Çünki xallarımız bərabər olacağı halda balkanlılar cari mövsümün nəticəsinə görə öndə qərarlaşacaqdı.
Qeyd edək ki, Avropanın ən yaxşısı olan İspaniyanın hesabında 86,427 xal var.
|