Bakı-2015 ilk Avropa Oyunları çərçivəsində şosse velosipedi üzrə yarışlar davam edir. Bu gün qadın velosipedçilərin qrup ötüşməsində qaliblər müəyyənləşib. Start və finiş xətti Azadlıq meydanında olan 121 km-lik yürüşdə 66 idmançı çıxış edib. Azərbaycan yığma komandasının 2 üzvü də iştirakçılar arasında olub.
Start xəttinə çıxan Yelena Pavluxina və Ülfət Nəzərlidən yalnız biri finişə çatıb. Məsafəni 3 saat, 25 dəqiqə, 57 saniyəyə qət edən Pavluxina 32-ci yeri tutub.
Ülfət isə məsafəni sonadək qət edə bilməyib. 25,6 km məsafədəki ara finişə sonuncu çatan (49 dəqiqə, 23 saniyə) velosipedçimiz yarışı dayandırıb.
Yarışın qalibi Belarus təmsilçisi Alyona Amalyusik olub - o finiş xəttini 3 saat, 20 dəqiqə, 36 saniyəyə keçib. Çempionla eyni göstəriciyə imza atan polşalı Katarjina Nievadoma və hollandiyalı Anna van der Breggen isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.
|