Azərbaycanın yeniyetmə qılıncoynadanları Bolqarıstanda keçirilən turnirdə çıxışlarını başa vurublar | |
Azərbaycanın yeniyetmə qılıncoynadanları Bolqarıstanın paytaxtı Sofiyada “Cadet Circuit” çərçivəsində keçirilən turnirdə çıxışlarını başa vurublar. 17 yaşadək oğlan sablyaçıların şəxsi yarışında qrup mərhələsində üç qələbə qazanan Ayxan Xasıyev 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə macarıstanlı rəqibinə 7:15 hesabı ilə uduzub. Qrupda bir qələbəsi olan Abbas Hüseynov və Nurlan Zeynallı isə pley-offda müvafiq olaraq macarıstanlı və britaniyalı rəqiblərinə 10:15 hesabı ilə məğlub olublar. Oğlan sablyaçıların komanda yarışında təmsilçilərimiz Böyük Britaniya seçməsinə 31:45 hesabı ilə uduzublar. On yeddi yaşadək qız sablyaçıların şəxsi yarışında qrup mərhələsində 4 qələbəsi olan Zərifə Hüseynova 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə rumıniyalı rəqibinə 15:10 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə ABŞ təmsilçisinə 13:15 hesabı ilə uduzub. Qrup mərhələsində 2 qələbə qazanan Fidan Quliyeva ilk pley-off görüşündə macarıstanlı rəqibinə 15:12 hesabı ilə qalib gəlib. F.Quliyeva 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ idmançısına 5:15 hesabı ilə məğlub olub. Qrup mərhələsini qələbəsiz başa vuran Əminə Rzaquluzadə pley-offa adlaya bilməyib. Qız sablyaçıların komanda yarışında Yunanıstanı seçməsi yığmamıza qalib gəlib – 45:39. Abbas Hüseynov Sofiyada keçirilən 15 yaşadək sablyaçılar arasında beynəlxalq turnirdə də qüvvəsini sınayıb. Qrup mərhələsini 3 qələbə ilə başa vuran A.Hüseynov pley-offda keçirdiyi ilk görüşdə Bolqarıstan təmsilçisini 15:7 hesabı ilə məğlub etsə də, növbəti görüşdə rumıniyalı rəqibinə 6:15 hesabı ilə uduzub. Əminə Rzaquluzadə isə qrup mərhələsini 2 qələbə ilə bitirib. Pley-off mərhələsində keçirdiyi ilk görüşdə qılıncoynadanımız rumıniyalı rəqibinə 4:15 hesabı ilə məğlub olub. |
|
Xəbər 613 dəfə oxundu. |
|
|