XXVIII Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının yolasalma mərasimində Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin nitqi
- Əziz idmançılar, məşqçilər, idman mütəxəssisləri!
- Hörmətli xanımlar və cənablar!
Üçüncü dəfədir ki, idmançılarımızın Olimpiya oyunlarına yolasalma mərasimi keçirilir. Burada qeyd olundu ki, bu ənənəni xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur və ilk dəfə 1996-cı ildə bu mərasim məhz bu salonda keçirilmişdir. Mən o günü çox yaxşı xatırlayıram. Çünki o mərasimdə iştirak edirdim və bu gün də buraya gələrkən fikirləşirdim ki, ilk dəfə bir idman azarkeşi, həvəskarı kimi həmin mərasimdə iştirak etmişdim. İkinci dəfə Milli Olimpiya Komitəsinin prezidenti kimi iştirak etmişəm, üçüncü dəfə isə Azərbaycan Respublikasının Prezidenti kimi iştirak edirəm.
Mən o günü çox yaxşı xatırlayıram. Çünki hesab edirəm ki, Azərbaycanın idman sahəsində əldə edilən uğurlarının təməli məhz o illərdə qoyulmuşdur. Bilirsiniz ki, Azərbaycan 1993-cü ilə qədər çox ağır, çətin vəziyyətdə yaşayırdı. Xalqımızın lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkədə bütün istiqamətlərdə müsbət proseslər getməyə başladı. Baxmayaraq ki, o zaman - 1990-cı illərin ilk yarısında Azərbaycanın iqtisadi vəziyyəti çox çətin idi, amma idmana xüsusi diqqət göstərilirdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdı və xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən ümumiyyətlə, Olimpiya Hərəkatına, idmanın inkişafına böyük diqqət daim göstərilirdi. Məhz bunun nəticəsində Azərbaycanda son illər ərzində idmanda uğurlar əldə olundu, idmançılarımız müxtəlif yarışlarda ölkəmizi çox ləyaqətlə təmsil etməyə başladılar. Azərbaycanın idman şöhrətini ucaltdılar.
Bu gün Azərbaycan idmançıları hər il beynəlxalq yarışlarda - Avropa, dünya çempionatlarında və digər mötəbər yarışlarda çoxlu qızıl, gümüş, bürünc medallar qazanırlar.
Sidney Olimpiya oyunlarında idmançılarımız çox uğurla çıxış etdilər. Bildiyiniz kimi, 2 qızıl, 1 bürünc medal qazandılar. Eyni zamanda, digər idmançılar da yüksək yerləri tuta bildilər. Sidney Olimpiadasından bu günə qədər keçən dövr ərzində Azərbaycan idmanı daha da sürətlə inkişaf etdi. Əgər Sidney Olimpiya oyunlarında idmançılarımızın arasında dünya, olimpiya çempionu yox idisə, Afina Olimpiya oyunlarında Azərbaycanı iki olimpiya çempionu və dörd dünya çempionu təmsil edəcəkdir. Zemfira Meftahəddinova və Namiq Abdullayev olimpiya çempionları, Nizami Paşayev, Niyaməddin Paşayev, Ağası Məmmədov və Arif Abdullayev dünya çempionları kimi Azərbaycanı təmsil edəcəklər.
Bu fakt özlüyündə çox şey deyir. Onu göstərir ki, Azərbaycanda idman sahəsində gedən işlər öz nəticələrini vermişdir. Azərbaycan idmanı dünyada layiqli yerini tuta bilibdir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti çıxışlarının birində Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini digər olimpiya komitələri üçün nümunə adlandırmışdır. Bundan yüksək qiymət ola bilməz. Həqiqətən, Azərbaycanda, ümumiyyətlə, idman və olimpiya hərəkatı uğurla inkişaf edir. Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, müvafiq federasiyalar, idman cəmiyyətləri vahid bir komanda, vahid bir ailə kimi fəaliyyət göstərirlər.
Mən yeddi ildir Milli Olimpiya Komitəsinin prezidentiyəm və bütün beynəlxalq tədbirlərdə iştirak etmişəm, çoxlu görüşlər keçirmişəm. Deyə bilərəm ki, ölkələrin əksəriyyətində idmanla məşğul olan qurumların arasında sağlam əməkdaşlıq çox nadir hallarda olur. Əksəriyyətində bu qurumlar arasında toqquşmalar da, ziddiyyətlər də olur. Azərbaycanda bunların heç biri yoxdur. Bu da idmanın uğurla inkişaf etməsində mühüm rol oynayır.
Mən Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra İcraiyyə Komitəsinin ilk toplantısında demişdim ki, biz, idmana rəhbərlik edən şəxslər gərək idmançıların bütün məsələləri ilə məşğul olaq, onlara idmanla məşğul olmaq, beynəlxalq yarışlarda iştirak etmək üçün şərait yaradaq. İdmançılar isə, öz növbələrində, nəticələri ilə gərək xalqımızı, vətənimizi sevindirsinlər. Hesab edirəm ki, bu əməkdaşlıq, görülən işlər uğurlarımızın əsas səbəbidir.
Son dörd il ərzində Azərbaycan beynəlxalq yarışlarda çox uğurla iştirak edibdir. İdmançılarımız beynəlxalq turnirlərdə, Avropa, dünya çempionatlarında qələbələr qazanmışlar. Azərbaycanda bir neçə beynəlxalq səviyyəli mötəbər yarış keçirilmişdir. Azərbaycan həqiqi mənada idman dövlətinə, ölkəsinə çevrilmişdir. Azərbaycanda yeni gənc nəsil yetişmişdir. Biz yeniyetmələrin hazırlığına böyük diqqət göstəririk. Əgər yeniyetmə idmanı olmasa, ümumiyyətlə, ölkədə idman inkişaf edə bilməz.
Biz Sidney Olimpiya oyunlarında komandamızın tərkibinə baxırdıq. Görürdük ki, orada dəvət olunmuş idmançıların sayı kifayət qədər çox idi. Bu dəfə komandamızda, demək olar ki, dəvət olunmuş idmançılar yoxdur. Azərbaycanı təmsil edəcək gənclər Azərbaycanda təhsil almış, Azərbaycanda bütün mərhələləri keçmiş idmançılardır. Əlbəttə, çox sevindirici haldır ki, Sidneydə Azərbaycanı 31 idmançı təmsil etdiyi halda, bu dəfə 38 idmançı təmsil edəcəkdir. Hamımız yaxşı bilirik ki, komandamız çox güclüdür və çox gözəl imkanları var. Mən şübhə etmirəm ki, idmançılarımız Afinada çox uğurla çıxış edəcəklər.
Fəaliyyətimizin digər istiqaməti idmançılara şərait yaratmaqdan ibarət olmuşdur. Mən 2000-ci ildə bəyan etmişdim ki, Azərbaycanda Milli Olimpiya Komitəsi çox geniş proqram həyata keçirəcəkdir. Azərbaycanın müxtəlif bölgələrində yeni idman qurğuları tikilməsi istiqamətində böyük işlər aparılacaqdır. Gördüyünüz kimi, biz bu sözə də əməl etdik. 2000-ci ildən 2004-cü ilədək Azərbaycanda 8 yeni olimpiya kompleksi ən yüksək səviyyədə tikilib istifadəyə verilmişdir. İndi idmançılarımız bu komplekslərdən çox səmərəli istifadə edirlər. Bizim yığma komandalarımız yeni komplekslərdə təlim-məşq toplanışları keçirirlər. Eyni zamanda, həmin bölgələrdə yaşayan uşaqlar, yeniyetmələr bu komplekslərdən səmərəli istifadə edirlər. Bu bizə imkan verəcək ki, gələcək nəsil də fiziki cəhətdən sağlam olacaqdır. Fiziki cəhətdən, mənəvi cəhətdən sağlam yeni nəsil Azərbaycanı gələcəyə aparacaq bir nəsil olacaqdır.
Azərbaycan gənclərinin sağlamlığı ən prioritet məsələlərdən biridir. Siz idmançılar çox yaxşı bilirsiniz ki, idmanla məşğul olan insanlar heç vaxt mənfi hərəkətlərə yol verməzlər. Əksinə, onlar uşaqlar üçün, yeniyetmələr üçün nümunədir, örnəkdir. Bu baxımdan, hesab edirəm ki, apardığımız təbliğat işləri də çox uğurlu olubdur. Azərbaycan cəmiyyətində idmançılara böyük hörmətlə, rəğbətlə yanaşırlar. Bilirəm ki, idmançı olmaq artıq uşaqlar üçün çox cəlbedici bir peşə olubdur. Bu onu göstərir ki, idmanla məşğul olan şəxs, medal qazanan şəxs, Azərbaycanı dünyada ləyaqətlə təmsil edən şəxslər, onların fəaliyyəti layiqincə qiymətləndiriləcəkdir.
Çox sevinirəm ki, bu gün Azərbaycanın idmanı hərtərəfli inkişaf edir. Mən qeyd elədim ki, Azərbaycanın müxtəlif yerlərində 8 olimpiya kompleksi tikilibdir. İndi daha 5 kompleksin tikilməsi nəzərdə tutulur. Beləliklə, biz verdiyimiz sözə sadiq çıxdıq. Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün gözəl şərait var və bu şərait dünya standartlarına cavab verir.
Mən bu yaxınlarda Qubada idim. Orada bizim olimpiya kompleksində görüş keçirildi. Maraqlandım ki, çoxmu, azmı adam gəlir. Mənə dedilər ki, orada mehmanxanada boş yer yoxdur. Nəinki boş yer yoxdur, hətta bir ay qabaq bütün yerlər sifariş olunubdur. Beləliklə, orada yerlərin azlığı artıq problem yaradır. Bu onu göstərir ki, bu komplekslərdən çox səmərəli istifadə olunur. Mən ümid edirəm ki, gələcəkdə də inşa ediləcək olimpiya qurğuları idmançılara çox gözəl xidmət edəcəkdir.
İdmançılarımızın mükafatlandırılması da çox önəmli məsələdir. Biz buna böyük diqqət göstəririk. Son 7 il ərzində onlarca idmançı təltif olunubdur. Milli Olimpiya Komitəsi xüsusi təqaüd təsis edibdir və bu təqaüdlər verilir. Eyni zamanda, idmançılarımıza, məşqçilərə onların həyat səviyyəsini yaxşılaşdırmaq üçün mənzillər verilir, digər mükafatlar verilir. Yəni, dövlət və Milli Olimpiya Komitəsi daim bu məsələyə böyük diqqətlə, qayğı ilə yanaşır. İdman veteranlarına da diqqət göstərilir, onlar unudulmur, çünki, bilirsiniz ki, idmançının idmanda ömrü uzun deyildir.
İdmançı idmanla məşğul olduğu dövr ərzində bütün bacarığını, imkanlarını işlədir, amma idmandan gedəndən sonra bəzi hallarda unudulur. Bunun qarşısını almaq üçün biz veteranlara da kömək göstəririk. İdmandan gedən idmançıları işlə təmin edirik ki, onlar öz həyatlarını davam etdirsinlər, normal yaşayışla təmin olunsunlar. Beləliklə, həm idmançı kimi, həm də idman veteranı kimi cəmiyyətdə layiqli yerini tutsunlar. Əlbəttə, bundan sonra da bu istiqamətdə işlər aparılacaqdır.
İdmanın hər bir ölkə üçün böyük əhəmiyyəti var. Hər bir ölkənin ictimai həyatında idman çox mühüm rol oynayır. Ölkəni dünyada tanıdır, ölkənin imicini qaldırır. Mən çox şadam ki, Azərbaycanda idman artıq çox mühüm bir ictimai amilə çevrilibdir. İdmançılara çox böyük hörmət var, idmançılar Azərbaycanı çox ləyaqətlə təmsil edirlər. Hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı görəndə ki, onun ölkəsini təmsil edən idmançı birinci olur, dünya çempionu olur, Azərbaycanın bayrağı qaldırılır, dövlət himni səslənir, o, haqlı olaraq qürur hissi keçirir. Bu, böyük sevinc, böyük xoşbəxtlikdir. Mən şübhə etmirəm ki, idmançılarımız Afina Yay Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edəcək və doğma Vətənimizə yeni uğurlar gətirəcəklər.
Yeniyetmələrin, uşaqların vətənpərvərlik ruhunda böyüməsi üçün idman çox mühüm rol oynayır. Bu, Azərbaycanda da belədir. Mən bilirəm ki, Azərbaycanı Afinada təmsil edəcək idmançılar bu oyunlara çox yaxşı hazırlaşıblar. Bu yarışlarda böyük ruh yüksəkliyi, qələbə əzmi ilə iştirak edəcəklər. Amma eyni zamanda, qeyd etdiyim kimi, hər bir xidmət, hər bir fədakarlıq, vətən uğrunda atılan hər bir addım gərək layiqincə qiymətləndirilsin. Bu məqsədlə Milli Olimpiya Komitəsi və Azərbaycan hökuməti müəyyən tədbirlər görübdür.
Mən bu gün Milli Olimpiya Komitəsinin prezidenti kimi, həm də Azərbaycan Respublikasının Prezidenti kimi görülən işlər haqqında sizə məlumat verəcəyəm. İlk növbədə, lisenziya qazanmış hər bir idmançıya pul mükafatı veriləcəkdir. Bu, bu gün veriləcəkdir. Olimpiya oyunlarında iştirak etmək üçün lisenziya qazanmış hər bir idmançı 15 milyon manat məbləğində mükafatlandırılır. Eyni zamanda, Olimpiya oyunlarında birinci yeri tutan idmançı Milli Olimpiya Komitəsi tərəfindən 250 milyon manat məbləğində mükafat alacaqdır. Onun məşqçisi 125 milyon manat alacaqdır. İkinci yeri tutan idmançı 150 milyon manat, məşqçisi 75 milyon manat, üçüncü yeri tutan idmançı 100 milyon manat, məşqçisi isə 50 milyon manat mükafat alacaqdır. Bu, Milli Olimpiya Komitəsi tərəfindən veriləcəkdir.
Əlbəttə, keçən dəfə olduğu kıimi, müvafiq federasiyalar da öz mükafatlarını verəcəklər. Ümid edirəm ki, sponsorlar da öz sözlərini deyəcəklər. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti kimi bu gün mən Sərəncam imzaladım. Sərəncamda deyilir ki, Olimpiya oyunlarında birinci yeri tutan idmançı 500 milyon manat, məşqçisi 250 milyon manat mükafat alacaqdır. İkinci yeri tutan idmançı 250 milyon manat, məşqçisi 125 milyon manat, üçüncü yeri tutan 120 milyon manat, məşqçisi isə 60 milyon manat mükafat alacaqdır. Təkcə Milli Olimpiya Komitəsi və Azərbaycan hökuməti tərəfindən birinci yeri tutan idmançıya veriləcək məbləğ 750 milyon manat olacaqdır.
Mən bilirəm ki, bunlar olmasa belə, yenə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər. Çünki idmançıların əsas stimulu, onlara əsas güc verən amil Vətənə məhəbbət, xalqa məhəbbətdir. Bu hisslər, bu duyğular bütün Azərbaycan cəmiyyətini birləşdirir.
Mən Sidneydə yaşanan günləri xatırlayıram. Mən xatırlayıram, Olimpiya oyunları bitəndən sonra demişdim ki, mən bu hissləri bir daha yaşamaq istəyirəm. Əminəm ki, biz hamımız birlikdə bu hissləri bir daha yaşayacağıq. Azərbaycan idmançıları qalib gələcəkdir.
Əziz dostlar!
Əziz idmançılar!
Sizin hamınıza Olimpiya oyunlarında uğurlar arzulayıram. Əminəm ki, doğma Azərbaycanımızı siz ləyaqətlə təmsil edəcəksiniz və Vətənə qələbə ilə qayıdacaqsınız.

4 avqust 2004-cü il

Xəbər 1419 dəfə oxundu.