Olimpiya rinqinin ilk azərbaycanlı hakimi
Əgər idman ictimaiyyətimizin nümayəndələrindən, xüsusən də boks pərəstişkarlarından Niftalı Quliyevi necə xatırladıqlarını soruşsaq, böyük əksəriyyət, bəlkə də, hamı bir ağızdan onun ölkəmizin boks məktəbinin ən layiqli yetirmələrindən biri olduğunu deyər və tamamilə haqlı olar.

Həqiqətən, 1948- ci ilin startında, yanvarın 1-də həyata göz açıb 2012-ci ilin finişində, dekabrın 15-də qəfil ölüm nəticəsində cəmi 64 yaşında onu tərk etmiş Niftalı müəllim yaddaşlarda əsil idman adamı,görkəmli mütəxəssis kimi qalmışdır və onun idmanda,ilk növbədə isə rinqdə keçdiyi yol hər cür hörmətə layiqdir.

Böyük idmanda yoluna Sumqayıtda başlayan N.Quliyev istər idmançı, istərsə də məşqçi, hakim,müəllim kimi geniş nüfuz qazanmışdı. Azərbaycan boksunun dünyada tanınmasında, bütünlüklə idmanımızın inkişafında onun xidmətləri heç kim üçün sirr deyil. Bir çox ölkədə keçirilmiş onlarla mötəbər beynəlxalq turnirdə, o cümlədən dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək səviyyəli hakimliyi diqqət mərkəzində olub.

Azərbaycan çempionu, SSRİ idman ustası, Fəxri bədən tərbiyəsi və idman işçisi,respublikamızın Əməkdar bədən tərbiyəsi və idman xadimi, pedaqoji elmlər namizədi Niftalı müəllimin hakimlik karyerası xüsusilə zəngindir.

Bu karyeranın zirvəsi isə 2004- cü ildə Afinada keçirilmiş Olimpiya oyunlarıdır. N.Quliyev ən böyük sevincini məhz olimpiadaların vətəni Yunanıstanın baş şəhərində təşkil edilmiş Olimpiya oyunlarında keçirib. Həmin il o özü olimpiya rinqində hakimlik edən ilk Azərbaycan təmsilçisi olub, üstəlik də, iki həmyerlimiz Ağası Məmmədov və Fuad Aslanov fəxri kürsünün bürünc pilləsində təbrikləri qəbul etmişlər. Buna qədər isə Azərbaycanın dəri əlcək ustalarının hesabında olimpiya rinqində qazanılmış yalnız bir medal olmuşdu. Onu ölkəmizə 2000-ci ildə Sidney (Avstraliya) Olimpiadasından bürünc mükafatçı Vüqar Ələkbərov gətirmişdi. Niftalı müəllimin Afinadan Bakıya Olimpiadanın ən yaxşı hakimlərindən biri kimi qayıtdığını da xüsusi qeyd etmək lazımdır.

Həmvətənimizin Olimpiya sınaqlarından bir il sonra Pekində keçirilmiş dünya çempionatının ən yaxşı hakimi elan edildiyini xatırlamaq da adamda xoş hisslər oyadır.

Həmkarım Ceyran Fikrətqızı 2008-ci ildə Niftalı Quliyevin 60 illik yubileyinə həsr olunmuş "Mənalı ömrün akkordları" adlı sanballı bir kitab nəşr etdirmişdir.Qeydlərimizi həmin kitabdan Azərbaycan idmanının yetirdiyi ən görkəmli şəxsiyyətlərdən biri, təkcə ölkəmizdə deyil, dünya boksunda xüsusi yeri olan akademik Ağacan Abiyevin bir fikri ilə yekunlaşdıraq: “O, həm alim,həm məşqçi, həm də beynəlxalq dərəcəli hakim kimi özünü doğrultmuşdur”.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

07.07.2020

Xəbər 1084 dəfə oxundu.