İdman nümayəndələrinə yenidən “ComplexCore+” proqramı üzrə təlim keçiriləcək
Ölkəmizdə idman nümayəndələrinə yenidən “ComplexCore+” proqramı üzrə təlim keçiriləcək.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından azsport.az saytına bildiriblər ki, İdman Akademiyasının və AFFA-nın təşkilatçılığı ilə ComplexCore+” üçsəviyyəli təliminin keçirilməsi məqsədilə Avstriyadan ölkəmizə mütəxəssislər dəvət olunub.

Məlumat üçün bildirək ki, “ComplexCore+” məşq və fiziki terapiya üçün fiziki hərəkətləri seçməkdə və planlamaqda dəstək olmaqla yanaşı, bədənin gövdəsi, yuxarı və aşağı ətraflar üçün məqsədyönlü müxtəlif fiziki hərəkətlər kompleksini əhatə edir. Təlimin məqsədi iştirakçıların fiziki hərəkətləri seçmək yolu ilə fiziki terapiya və məşq prosesini planlaşdırmaq bacarıqlarına yiyələnmələrini təmin etməkdir. Təlim müddətində peşəkar mütəxəssislər tərəfindən həkimlərə, tələbələrə, məşqçilərə və idmançılara fiziki reabilitasiya / kinesioterapiya təlimləri də keçiriləcək.

Test müddətində hər bir idmançı üçün fərdi olaraq nəinki problem sahələri müəyyənləşdiriləcək, həm də bu problemlərin aradan qaldırılması üçün fərdi məşqlər də tövsiyə olunacaq. Eyni zamanda, hər bir idmançıya və onun məşqçisinə bu fərdi idman proqramının video təlimatları da təqdim olunacaq. Qeyd edək ki, bütün bunlar təkcə zədələrin qarşısının alınmasına deyil, həm də hər bir idmançının və ümumilikdə, komandanın fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilib.

Qeyd edək ki, oktyabrın 1-də Milli Gimnastika Arenasında belə bir sorğu qılıncoynatma üzrə milli komandanın idmançıları arasında aparılıb. Cüdo Federasiyasının rəhbərliyi və baş məşqçisi ilə avstriyalı mütəxəssislərlə birgə keçirilmiş görüşdə cüdoçular arasında sorğunun isə 3 və 4 oktyabr tarixlərində keçirilməsi qərara alınıb. Görüşdə 2020-ci ildə Tokio Olimpiadasına hazırlıq məqsədilə tibbi araşdırmaların aparılması barədə də razılıq əldə olunub.

Bundan əlavə, oktyabrın 5-6-da Avstriya mütəxəssisləri ADBTİA, AFFA və The Club (Port Baku) ilə birlikdə həkimlər, təlimçilər, fizioterapevtlər və idmançılar üçün zədələrin qarşısının alınması və fiziki reabilitasiya mövzusunda təlim keçəcəklər.

Qeyd edək ki, oktyabrın 5-də üçsəviyyəli ComplexCore+ təliminin “1-ci səviyyə” si idman federasiyalarının tələbi ilə yenidən keçiriləcək, çünki ilk dəfə avqust ayında keçirilən nəzəri və praktiki hissədən ibarət olan təlimdə yalnız 75 nəfər iştirak edə bilib. Oktyabrın 6 - da isə ikinci və üçüncü səviyyəsinin keçirilməsi planlaşdırılır. Təlimlər peşəkar təlimçi Roman Yahoda tərəfindən aparılacaq.


Xəbər 725 dəfə oxundu.