Evdə qal, evdə məşq elə | |
Koronavirus pandemiyası ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi və “Tokio-2020”nin Təşkilat Komitəsinin Tokio Yay Olimpiya Oyunlarının bir il müddətə təxirə salınması ilə bağlı birgə bəyanatından dərhal sonra, Dünya Güləş Birliyinin Prezidenti Nenad Laloviç beynəlxalq güləş ictimaiyyətinə müraciət edib. Müraciətdə deyilir: “BOK və “Tokio-2020”-nin Təşkilat Komitəsinin birgə bəyanatına əsaslanaraq, sizə bildirmək istəyirəm ki, Tokio Olimpiadası 2021-ci ilin yayından gec olmayan bir vaxta keçirilib. Bu qərar idmançıların, olimpiya oyunları iştirakçılarının, eləcə də bütünlüklə beynəlxalq birliyin sağlamlıq durumu nəzərə alınmaqla qəbul olunub. Oyunların təxirə salınması barədə bu qərar idmançılarımıza və oyunlara seçim dövrünün baş tutmayan turnirlərinə, hazırlıq prosesinə öz təsirini göstərəcək. Bütün federasiyalar və maraqlı tərəflər kimi, biz də BOK-un idman departamentindən kvaliftkasiyalar prosesi ilə bağlı daha ətraflı tövsiyələr gözləyirik və hər hansı bir yeni məlumatı mümkün qədər tez bir zamanda sizə çatdıracağıq. Bu durğunluğun sizin hazırlığınıza təsir göstərəcəyini başa düşürəm. Xeyli qeyri-müəyyən məqamlar da var. Sağlamlığınız və təhlükəsizliyiniz bizim başlıca prioritetimiz olaraq qalır. Sizi hadisələrin axarında saxlamağa, hər bir yenilik barədə məlumatları sizə tez bir zamanda çatdırmağa söz verirəm. Yaxın günlərdə Dünya Güləş Birliyi telekonfrans vasitəsilə bir araya gələrək vəziyyətin qloballığını nəzərə almaqla DGB-nin 2020-ci ilin bundan sonrakı dövrü üçün fəaliyyəti barədə qərar qəbul edəcək”. Yaranmış vəziyyət təkcə Olmipiya oyunlarına deyil, ilin bütün böyük turnirlərinə hazırlaşan idmançıları çətin vəziyyətə salıb. Məşq zalları, idman sarayları, yarış meydanları, stadionlar suyu sovrulmuş dəyirman kimi, səssiz- səmirsizdir. İdmançılar özünütəcrid şəraitində yaşamaq məcburiyyətindədirlər. Belə bir vəziyyətdə onlar ancaq idman formalarını saxlamağa çalışırlar. Bəs onlar bunu necə edirlər? Yəqin ki, hamı üçün maraqlı olan bu sualın cavabı idmançıların özlərindədir. Sərbəst güləş üzrə üçqat Avropa çempionu, dünya çempionatının və Olimpiya oyunlarının bürünc mükafatçısı Cəbrayıl Həsənov azsport.az saytına müsahibəsində bunları deyib: “Çox çətin bir durumdayıq. İdmançı üçün məşq rejimini itirmək, idman formasını itirmək deməkdir. Amma ev şəraitində maksimum imkanlardan istifadə etməyə çalışıram. Gün ərzində fiziki hazırlıq təmrinlərini yerinə yetirirəm, əlbəttə, səhər gimnastikası da öz yerində. Yaşadığım onaltımərtəbəli binanın pilləkanlarını gün ərzində bir-neçə dəfə sürətlə düşüb-qalxıram. Ən çətini çəki saxlamaqdır. Evdə adam daha tez-tez yemək istəyir. Nəfsi saxlamaq məcburiyyətindəsən. Evdə tərəzim var, müntəzəm olaraq çəkimə nəzarət edirəm. Nə etmək olar, insan üçün sağlamlıqdan qiymətli heç nə yoxdur. İnşallah bu çətin günləri də geridə qoyub, hamı kimi, biz idmançılar da öz iş-gücümüzə qayıdarıq. Əsas vəzifəmiz “Tokio-2020”yə lisenziya qazanmaqdır. Yaxşı ki, Oyunların vaxtını bir il təxirə saldılar. Başqa yolu yox idi. Köhnə təqvimə görə martın 19-21-də Budapeştdə lisenziya turniri keçirilməli idi. Bu koronavirus məsələsi olmasaydı belə, mən o turnirdə çıxış edə bilməyəcəkdim. Romada Avropa çempionatında aldığım zədələrin müalicəsi turnirə hazırlaşmağa imkan vermirdi. Müalicəmi tamamladıqdan sonra, aprelin sonunda Bolqarıstanda keçirilməsi planlaşdırılan lisenziya turnirinə hazırlaşacaqdım. Bəlkə də buna təəssüflənməyə dəyməz. İndi hər iki turnirdə iştirak edə bilərəm, təki sağlıq olsun, bu bəladan qurtulaq. Yunan-Roma güləşi üzrə dünya çemipionu və bürünc mükafatçısı, Avropa çempionatının qalibi və üç bürünc medal sahibi Eldəniz Əzizli azsport.az saytı ilə fikirlərini bölüşüb: “Əlbəttə, ev şəraitində ancaq mümkün olanlarla kifayətlənməli oluruq. İdman formamı saxlamaq üçün müəyyən hərəkətləri yerinə yetirirəm. Bu karantin rejiminin yaxşı cəhəti o oldu ki, evə, uşaqlara kifayət qədər vaxt ayıra bildim. Əvvəllər məşqlər, təlim-məşq toplanışları, səfərlər onlarla istədiyim kimi bir yerdə olmağa imkan vermirdi. Digər tərəfdən, Romada sonuncu Avropa çemiponatında əzilən qabırğalarımın müalicəsinə daha çox vaxt ayırmaq imkanı yarandı. Karantin çəkimin artırılması sarıdan da işimi yüngülləşdirdi. Mənim indiyə kimi çıxış etdiyim 55 kq Olimpiya çəkisi deyil. “Tokio-2020”də iştirak etmək üçün mən çəkimi 60 kq-a yaxınlaşdırmalıyam. Hazırkı şərait buna imkan verir. Bununla belə, xüsusi qida rejiminə əməl etmək vacibdir”. Eldəniz bu günlər fedarasiya ilə, məşqçilərlə əlaqə saxlayır. Olimpiya oyunları təxirə salındıqdan sonra DGB-nin prezidenti N.Laloviç güləşçilərə müraciətində bildirmişdi ki, MOK-da və DGB-nin özündə hazırkı vəziyyətlə bağlı qərarlar və görülən tədbirlər barədə idmançıları mütəmadi olaraq məlumatlandıracaq. Amma, Eldəniz hələ ki, hər hansı bir yenilik barədə məlumat almayıb: “Mən başqa ölkələrin güləşçiləri ilə əlaqə saxlayıram, vəziyyəti öyrənirəm. Məsələn, mənim çəkimdə sonuncu dünya çempionu gürcü Nuqzari Surtsumiya, qazax Karlon Jakanşa ilə telefon danışıqlarım olub, onlarda da hələ belə bir yenilik yoxdur”. Hər bir zərərdə bir xeyir olur, deyirlər. Koronavirus da bizi bir çox mətləblər üzərində daha dərindən düşünməyə məcbur etdi, bir çox mənəvi dəyərlərin cəmiyyət üçün əhəmiyyətini bizə bir daha dərk etdirdi, bizi doğmalarımıza, sevdiklərimizə daha da yaxınlaşdırdı. Cəmiyyətdən təcrid olunmağın çətinliklərini göstərdi. Əgər insanlıq bundan lazımi ibrəti götürə biləcəksə, bu bəlanın da öhdəsindən tezliklə gələcək. Ə.Fərəcov |
|
Xəbər 761 dəfə oxundu. |
|
|