Bakı Atıcılıq Mərkəzi IV İslam Həmrəyliyi Oyunlarına tam hazırdır
IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarına ev sahibliyi edəcək Bakı Atıcılıq Mərkəzinə mayın 1-də media nümayəndələrinin tanışlıq turu təşkil olunub.

Jurnalistlər mərkəzdə mötəbər yarışa ciddi hazırlıq işləri ilə maraqlanıblar.

Media nümayəndələrinə məlumat verilib ki, Bakı Atıcılıq Mərkəzi 2015-ci il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

Bildirilib ki, idmanın bu növü üzrə ən yüksək beynəlxalq tələblərə cavab verən Bakı Atıcılıq Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları beş gün ərzində - mayın 13-17-də keçiriləcək. Yarış iştirakçıları tapança, tüfəng və hava tüfəngi kimi odlu silahları əhatə edən fərdi və komanda yarışlarında mübarizə aparacaqlar. Hədəfdən, məsafədən və idman silahının növündən asılı olaraq, hər idman növü üzrə bir neçə yarış keçiriləcək.

Qeyd olunub ki, Mərkəzin baş planına əsasən, ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Mərkəzin güllə atıcılığı binası müasir səviyyədədir. Binada müxtəlif funksional sahələr, o cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, iki konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var.

Mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb ki, güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən “Sius Ascor” markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıq quraşdırılıb. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 350-dək oturacaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmaları üçün hərtərəfli imkanlar var. Burada eyni vaxtda 40 idmançı yarışa biləcək. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq. Güllə atıcılığı binasında Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idmançılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb. Binanın ikinci mərtəbəsində atıcılıq zallarının nəzarət otaqları və baxış eyvanı, təlim-tədris, məşqçi, iclas otaqları və digər inzibati-texniki otaqlar yaradılıb.

Məlumat verilib ki, stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar və məşqlər keçiriləcək. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. İtaliyanın “Mattarelli” markalı hədəftullayıcıları Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Mərkəzdə idmançıların və məşqçilərin, həmçinin qonaqların qalmaları üçün mehmanxana da inşa edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqların istirahəti üçün yüksək şərait yaradılıb. Binada, həmçinin inzibati otaqlar da fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, Bakı Atıcılıq Mərkəzi ötən ilin iyununda “Bakı-2015” birinci Avropa Oyunlarının atıcılıq yarışlarına yüksək səviyyədə ev sahibliyi edib.

Xəbər 1607 dəfə oxundu.