Prezident İlham Əliyev FİFA və UEFA prezidentlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də FİFA-nın prezidenti Yozef Blatteri və UEFA prezidenti Mişel Platinini qəbul edib. Dövlətimizin başçısı Yozef Blatteri növbəti dəfə FİFA-nın prezidenti seçilməsi münasibətilə təbrik etdi və bu yüksək posta seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Yozef Blatteri dünya futbol ictimaiyyətinin böyük dəstəyi ilə FİFA-nın prezidenti seçilməsinə toxunaraq bunu onun rəhbərliyi ilə FİFA-nın səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı Yozef Blatterlə Bakıda və Surixdə keçirdiyi görüşləri xatırladı. Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Yozef Blatterə təşəkkürünü bildirən Prezident İlham Əliyev onun səfərinin maraqlı və uğurlu olacağına əminliyini bildirdi.
FİFA-nın prezidenti Yozef Blatter ölkəmizə yenidən səfər etməsindən və Azərbaycan Prezidenti ilə görüşündən məmnunluğunu ifadə etdi. O, Azərbaycan futbolunun 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə dəvət olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Yozef Blatter və Mişel Platini Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdilər.

AzərTAc

Xəbər 2275 dəfə oxundu.