Prezident İlham Əliyev Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu qəbul edib. Rusiya Federasiyası Hökumətinin sədr müavini, Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Baş nazir Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Görüşdə, həmçinin beynəlxalq olimpiya hərəkatında Azərbaycan Milli Olimpiya Komitəsi ilə Rusiya Olimpiya Komitəsi arasında yüksək səviyyədə əməkdaşlığın həyata keçirildiyi qeyd olundu.
Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Baş nazir Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Federasiyasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

AzərTAc

Xəbər 2515 dəfə oxundu.