Veliçka karyerasını Litvada davam etdirəcək
AZAL-dan ayrılan Andryus Veliçka karyerasını vətəni Litvada davam etdirə bilər. Hücumçunun Litva Kubokunun son qalibi «Jalgiris»in düşərgəsindədi.

Lakin Veliçkanın Vilnüs klubunda qalıb-qalmayacağı hələ bilinmir. «Jalgiris»in idman direktoru Mindauqas Nikoliçyus bildirib ki, 34 yaşlı futbolçunun komandada çıxış etməsi üçün polşalı baş məşqçi Marek Zubun qərarı lazımdı: «Hələ onun bizimlə birgə olması o demək deyil ki, Andryus «Jalgiris»də qalacaq. O, komandanın yalnız 2 məşqində iştirak edib. Veliçkanın təcrübəsi var, yaxşı oyunçudu. Ən pis halda, litvalıdı. Biz onun indiki durumunu görməliyik. Marekin idmandan başı çıxır, onunla fərdi qaydada çalışacaq. Bundan sonra qərar verəcək ki, Veliçka bizə uyğundur, yoxsa yox. İstənilən halda, bizə təcrübəli yaşlı futbolçular lazımdı».

Qeyd edək ki, Veliçka ötən yay «Ekranas»dan gəldiyi AZAL-da 16 oyuna çıxıb və 352 dəqiqə oynayıb. O, əvvəllər vətənində «Ekranas», «Kaunas», Rusiyada «Anji», Qazaxıstanda «İrtış», Şotlandiyada «Harts», «Reyncers», «Aberdin», Norveçdə «Vikinq» və İngiltərədə «Bristol Siti» klublarında oynayıb. Ötən ilə kimi Litva yığmasına da çağırılan Andryus 26 oyunda 2 qol vurub.

Xəbər 804 dəfə oxundu.