«Əgər Atlantada medallarımızın sayı 1, Sidneydə 3, Afinada 5, Pekində 7 idisə, təbii ki, Londonda minimum 9 olmalıdır»
Nazir Azad Rəhimov Rusiya telekanalına müsahibə verib

Gənclər və idman naziri Azad Rəhimov Rusiyanın 24-cü kanalı və Yekaterenburq vilayətində yayımlanan kanalı üçün hazırlanan “Azərbaycana yol” verilişinin çəkilişi üçün ölkəmizə səfərə gəlmiş jurnalistlərə müsahibə verib.
İlk olaraq nazir gənclər və idman nazirliyinin tarixi, gənclər və idman sahəsində bu günədək görülən işlər, “2011-2015-ci illər Azərbaycan Gəncliyi Dövlət Proqramı”, “Gənclər haqqında Qanun” və digər mövzulardan danışıb. Eyni zamanda Azad Rəhimov gənclərin məşğulluğu ilə bağlı keçirilən sərgilər, “Karyera mərkəzləri” barədə, gənclər üçün gerçəkləşdirilən layihələr, ölkədə fəaliyyət göstərən 200-dən artıq gənclər təşkilatlarının müxtəlif istiqamətləri əhatə edən layihələrindən də söz açıb.
Azad Rəhimov qeyd edib ki, bu gün Azərbaycanda 1 milyon qaçqın var. Qaçqın gəncləri cəmiyyətdən ayırmaq olmaz deyən nazir, onlar üçün müxtəlif səpkili layihələrin həyata keçirildiyini, istedadlı gənclərin üzə çıxmaları üçün müxtəlif müsabiqələrin həyata keçirildiyini ifadə edib.
Azad Rəhimov eyni zamanda nazirliyin gənclər sahəsində həyata keçirdiyi beynəlxalq layihələr barədə də məlumat verib; Rusiyada fəaliyyət göstərən AMOR təşkilatı, bu təşkilatın ətrafında birləşən Azərbaycanlı tələbələr, onların Rusiyada gerçəkləşdirdikləri layihələr barədə də danışıb.
Rusiya və Azərbaycan arasında gənclər sahəsində gerçəkləşdirilən layihələrə toxunan nazir ölkəmizə Rusiaynın gənclər və idman sahəsinə məsul şəxslərinin səfərindən, 2010-cu ildə Rusiya Federasiyası Dağıstan Respublikasında Azərbaycan Gəncləri Günlərinin keçirilməsi, Moskva şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının II Konfransı və digər birgə tədbirlər xatırladıb.
Nazir eyni zamanda qeyd edib ki, Rusiya Federasiyasının İdman, Turizm və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında “Bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsi müvafiq dövlət orqanları tərəfindən rəy verilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib.
Nazir, son iki ildə hər iki ölkədə təşkil olunan 20-yə yaxın müxtəlif idman tədbirlərində idmançıların birgə iştirakından bəhs edib.
Azad Rəhimov daha sonra deyib: “Hal-hazırda biz London olimpiadasına hazırlaşırıq. Əgər Atlantada medallarımızın sayı 1, Sidneydə 3, Afinada 5, Pekində 7 idisə, təbii ki, London Olimpiya oyunlarında minimum 9 olmalıdır. Bu gun biz fəxr hissi ilə ölkəmizdə ilbəil sayı artan Olimpiya idman kompleksləri, beynəlxalq səviyyəli yarışlar, qazanılan medallar haqda da danışa bilərik.”
Regionlarda tikilən Olimpiya idman kompleksləri ilə bağlı suala nazir belə cavab verdi ki, bu əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün cənab prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən ən gözəl siyasətdir. “Məhz Bakı şəhərində idmanın inkişafı üçün çox böyük işləri görüb qurtarandan sonra, regionlarda da bu fəaliyyətə başlamaq olardı. Amma regionlarda da idman infrastrukturunu genişləndirməklə, idmanla məşğul olan gənclərin sayını artırmış olub, daha böyük uğurlar əldə edə bilirik..”
Azad Rəhimov bu gün Azərbaycanda güləş, cüdo, boks evlərinin tikildiyini, gimnastika mərkəzinin, hovuz kompleksinin əsasının qoyulduğunu bildirdi: “Azərbaycanda çox güclü güləş, cüdo məktəbi var. Amma əfsuslar olsun ki, güləş, cüdo evi yoxdur. Biz bu istiqamətdə də işlərimizi davam etdiririk”.

Xəbər 1354 dəfə oxundu.