AFFA-nın baş katibi Joan Kusko ilə görüşüb
Mavrikidə FIFA-nın 63-cü Konqresi keçirilir və AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edir. Səfər çərçivəsində E.Məmmədov FIFA Çimərlik Futbol Komitəsinin üzvü və BSWW (Dünya Çimərlik Futbolu Təşkilatı) vitse-prezidenti Joan Kusko ilə görüşüb.

Görüşdə 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Yay Oyunlarında çimərlik futbolunun rolu barədə müzakirələr aparılıb. Əsas müzakirə mövzusu komandaların sayı, yarışın formatı, təsnifat mərhələsi və digər məsələlər olub. Sadalanan məsələlərin həlli ilə bağlı başqa görüşlərin keçirilməsi qərara alınıb.

Xatırladaq ki, çimərlik futbolu üzrə yarışların təşkili ilə bağlı AFFA-nın təcrübəsi var. 2008-ci ildə çimərlik futbolu üzrə Avropa Kuboku oyunları Bakıda təşkil olunub.
Beləliklə, Avropa Yay Oyunlarında çimərlik futbolu üzrə oyunların keçirilməsi FIFA tərəfindən təsdiq olunub.

Xəbər 687 dəfə oxundu.