“London Olimpiadasında daha çox idmançı ilə təmsil olunacağıq”
London Yay Olimpiya Oyunlarının başlanmasına 1 il 3 ay vaxt qalıb. Milli komandalarımız artıq xeyli müddətdir bu mötəbər yarışın hazırlığına start veriblər. Həmişə olduğu kimi, yenə hədəf böyükdür: əvvəlki "dördilliklər"lə müqayisədə, daha geniş tərkibli idmançı ilə təmsil olunmaq, medal sayını və əyarını artırmaq.
Vaxtaşırı təşkil edilən təlim-məşq toplanışları, idmançıların ustalıqlarının artırılması, eləcə də beynəlxalq arenalarda qazanılan böyük qələbələr onu deməyə əsas verir ki, "Dumanlı Albion"a daha iddialı yollanacağıq. Elə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də belə düşünür. Bizimlə söhbətdə o, indiki vəziyyətə öz nöqteyi-nəzəri ilə qiymət verib:
- London olimpiadasında qarşıya daha yaxşı çıxış etmək məqsədi qoyulub. Sizcə, bunu gerçəkləşdirmək mümkün olacaqmı?
- Azərbaycan idmanı günü-gündən inkişaf edir: kütləvilik artır, maddi-texniki baza yaxşılaşdırılır, paytaxtımız beynəlxalq yarışların keçirilmə mərkəzinə çevrilib. Belə olan halda, niyə də tərəqqi olmasın? Məqsədyönlü addımlar onu ehtimal etməyə əsas verir ki, London oyunlarında daha uğurla mübarizə aparacağıq.
- İndiki vəziyyətə görə, lisenziya qazanılması davamiyyətini necə dəyərləndirirsiniz?
- Əsas lisenziya yarışları bu ilin mayından başlanıb. Artıq bəzi növlərdə idmançılar vəsiqə uğrunda mübarizəyə qoşulublar. Stend və güllə atıcılarımız, cüdoçularımız xal ehtiyatlarını artırdırmağa çalışırlar. Təbii ki, indidən proqnoz vermək çətindir. Bununla belə, gerçək vəziyyət budur ki, cüdoda bəzi çəkilərdə indidən kifayət qədər xal yığılıb və bu, London olimpiadasında iştirak etməyə imkan verir. Boksçuların, güləşçilərin və bədii gimnastların əsas yarışları hələ qabaqdadır. Fikrimcə, olimpiya heyətinin tən yarısını son adlarını çəkdiyim idman növlərində çıxış edən idmançılar təşkil edəcəklər.
- Pekin olimpiadasında 44 idmançı ilə təmsil olunmuşduq. Sizcə, Londonda bu həddi təxminən nə qədər aşmaq mümkün olacaq?
- Buna tam əminəm ki, o həddi keçməyə, keçəcəyik. Cari ildə paytaxtımızda cüdo, boks və taekvondo idman növlərində olimpiadaya vəsiqə verəcək yarışlar keçiriləcək. Bu, əlavə üstünlükdür. Əgər Pekində 2 boksçu ilə təmsil olunmuşduqsa, Londonda sayın 3 dəfə artacağını düşünürəm. Təcrübəli atıcılarımız Zemfira Meftəhəddinova və İradə Aşumovadan başqa, bu növdə çıxış edən digər idmançılarımız da lisenziya qazana bilərlər. Cüdoçularımızın da sayının çox olacağına inanıram. İndiki duruma görə, ağırlıqqaldırmada vəziyyət o qədər də ürəkaçan deyil. Buna baxmayaraq, onların da vəziyyəti xeyirlərinə dəyişmələrinə zamanları var. Mənim ehtimalıma görə, London olimpiadasına 50 idmançı ilə yollanacağıq.Özü də bunu yalnız fərdi növlərə şamil edirəm. Komanda yarışında vəsiqə əldə etsək, heyət daha böyük olacaq.
- Çingiz müəllim, Londonda hansı yeni idman növlərində təmsil olunmaq ehtimalımız var?
- Zənnimcə, ənənə pozulmayacaq. London olimpiadasında boks, atletika, güləş, bədii gimnastika, ağırlıqqaldırma, üzgüçülük, atıcılıq, taekvondo, atçılıq və qılıncoynatma növlərində idmançılarımız yer alacaqlar. Bu dəfə həmin siyahıya avarçəkənlərimizi də əlavə etmək istəyirəm. Sözü gedən idman növü son zamanlar ölkədə inkişaf edib. Kanoeçilərimizin dünya və Avropa çempionatlarından Vətənə medalla dönmələri bizə Londona ümidlə baxmağa əsas verir.
- Kollektiv idman növündən söz açdınız. Sizcə, bu olimpiadada, nəhayət, top komanda növündə təmsil oluna biləcəyikmi?
- Qadın voleybolu və otüstü hokkeyin vəziyyəti yaxşıdır. Məncə, Londonda bu 2 idman növünün birində təmsil olunacağıq. Keçən olimpiadada hədəfin bir addımlığında dayandıq. Bu dəfə isə tilsimi qırmalıyıq.
Söhbətləşdi:
Kamran HACI

Xəbər 2514 dəfə oxundu.