Finalçıları tay-breklər bəlli edəcək
Tatarıstanın paytaxtı Kazanda şahmat üzrə dünya çempionu Vişvanatan Anandla matçda görüşməyə iddialıların turniri davam edir. Yarışın 1/2 final mərhələsi artıq Azərbaycan şahmatçılarının iştirakı olmadan davam edir.
Bu mərhələdə əsas 4 partiya keçirilsə də, heç bir finalçının adını müəyyənləşdirmək hələ mümkün olmayıb. Bütün görüşlər sülhlə nəticələndiyindən, cütlüklərdə ümumi hesab da bərabərdir - 2:2. Bu nəticə ilə, bir qədər öncə Şəhriyar Məmmədyarovu yarışdan kənarlaşdırmış israilli Boris Gelfandın ABŞ şahmatçısı Qata Kamski ilə və Teymur Rəcəbova, oyun zamanı şahmat saatının xarab olması sayəsində qalib gəlmiş rusiyalı Vladimir Kramnikin həmvətəni Aleksandr Qrişşukla görüşünün taleyi tay-breklərə qalıb.

Xəbər 1464 dəfə oxundu.