“Böyük Qafqaz” veloyürüşü başa çatdı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə keçirilən "Böyük Qafqaz" beynəlxalq veloyürüşünə mayın 15-də yekun vurulub. Azərbaycan, Litva, Gürcüstan və İranın yeniyetmə idmançılarının qatıldığı veloyürüşün iştirakçıları mayın 10-da Bakıdan çıxdıqdan sonra, ilk olaraq, Şamaxı şəhərinə gəliblər.
Daha sonra İsmayıllıya gələn iştirakçılar burada ilk mərhələnin qaliblərini müəyyən ediblər. İsmayıllıda fərdi ötüşmədə (5 km) qalib adını Mantas Petrojeviçus (Litva) qazanıb. Təmsilçimiz Elmar İsmayılov 2-ci, iranlı Amir Kalaxdoza 3-cü nəticə göstəriblər. Qrup halında yarışın ilk mərhələsi İsmayıllı-Qəbələ marşrutu üzrə 80 km məsafəni əhatə edib. Litvalılar Martinas Blaçeviçus və Mantas Petrojeviçus ilk iki pilləni tutublar. Gürcü Georgi Nareklişvili finişə 3-cü çatıb.
Qəbələdə keçirilmiş 2-ci mərhələdə (44 km) iranlılar Amir Kalaxdoza və Məhəmmədrza İmani ilk iki yeri tutublar. Litvalı Miantas Petrojeviçus bu dəfə 3-cü nəticə göstərib.
3-cü mərhələ Qəbələdən Şəkiyə gedən yolda 85 km məsafəni əhatə edib. Azərbaycan idmançısı Elçin Qasımov finişə hamıdan tez çatıb. İranlı Payan Sadipur və litvalı Mantas Petrojeviçus sonrakı yerləri tutublar.
Şəki-Zaqatala marşrutunun 90 km məsafəsində keçirilən 4-cü mərhələdə finiş xəttinə ilk çatan litvalı Martinas Blaçeviçus olub. Onun ardınca gələnlər həmvətəni Polyaçus Siskeviçus və iranlı Payan Sadipur olub.
Yekun nəticədə komanda hesabında Litva 1-ci, İran 2-ci, Gürcüstan 3-cü yeri tutublar.

Xəbər 1433 dəfə oxundu.