Sumqayıtda III mini-futbol yarışının açılış mərasimi
Mayın 23-də Heydər Əliyevin abidəsinin önündə Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən məhəllə və mikrorayonlar arasında “ 28 may Respublika Günü”nə həsr olunmuş III mini-futbol yarışının açılış mərasimi olub.

Tədbirdə qeyd edilib ki, böyüməkdə olan nəslin fiziki və mənəvi inkişafında idmanın rolu danılmazdır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin reallığını ilk gündən düzgün qiymətləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. O, istəyir ki, Azərbaycan balaları sağlam böyüsün, ölkəmizin layiqli vətəndaşları kimi formalaşsınlar. Bu baxımdan ölkəmizdə və şəhərimizdə bədən tərbiyəsi və idmana böyük diqqət yetirilir. Çünki idman təkcə yüksək nəticələr qazanmaq deyil, o həm də hər millət üçün ilk növbədə sağlamlıqdır. Ona görə də qısa müddət ərzində ölkəmizdə 35 Olimpiya Kompleksi tikilib. Sevindirici haldır ki, təkcə son iki ildə cənab Prezidentimizin iştirakı ilə şəhərimizdə böyük bir idman məktəbi və olimpiya kompleksi istifadəyə verilib.


Yarışların açılış mərasimində şəhərin 68 məhəllə və mikrorayonlarından 100-dən artıq komandada 1000–dən çox yeniyetmə iştirak edib. Startı may ayında verilən yarışlara iyul ayının 3-də yekun vurulacaq.

Yarışlar son illər ərzində yenidən qurulan nümunəvi məhəllələrdə inşa edilmiş meydançalarda keçiriləcək.

Xəbər 995 dəfə oxundu.