370 gündən sonra futbol Quzanlıya qayıtdı
Milli futbol mövsümünün sonuna cəmi iki hadisə qaldı. Birincisi çempionatın son turunun oyunları, ikincisi kubok uğrunda mübarizənin final qarşılaşmasıdır. Çempionatda əsas məqamların əksəri bəlli olduğundan, yarışda heç bir maraq qalmayıb. Həllini gözləyən ən böyük məsələ ölkəni Avropada təmsil edəcək 4-cü komandanın müəyyən olunmasıdır. Kubokun finalında "Xəzər Lənkəran" "İnter"ə qalib gəlsə, bu vəsiqəyə dərhal Premyer Liqanın 4-cü komandası yiyə duracaq. Çempionatın son turunda da maraq məhz bu yer uğrunda mübarizəyədir. Onun uğrunda isə "İnter"lə AzAL mübarizə aparırlar. Ötən tur bu iki komandanın daha bir duelində qalib müəyyən olunmadı və estafet son turdakı qiyabi rəqabətə ötürüldü. Rəqibinin nəticəsindən asılı olmayaraq, "təyyarəçilər" qarşıdakı matçda qalib gəlsələr, gözlərini kubokun finalında lənkəranlıların qələbəsinə dikəcəklər.
Digər əhəmiyyətli hadisələr içərisində "Qarabağ"ın bir ildən, daha doğrusu, 370 gündən sonra Quzanlı Olimpiya İdman Kompleksinin arenasına qayıtmasıdır. Bu mövsüm iki dəfə "ev"ini dəyişmiş komandanın paytaxtdakı Tofiq Bəhramov adına Respublika və Suraxanıdakı Tofiq İsmayılov adına qəsəbə stadionlarını Ağdama dəyişməsi hər kəsdə coşğu yaratdı. Əzəli rəqiblərin oyununda tarixi hadisə qeydə alındı: "Neftçi" tarixində üçüncü dəfə çempionatda meydanı böyük hesablı məğlubiyyətlə tərk etdi. Buna qədər komanda ilk çempionatda Sumqayıt "Xəzər"inə (0:3), 2007-ci ildə "Bakı"ya (1:5) yenilmişdi. Bu qələbə həm də Quzanlıda "Qarabağ"ın ilk böyük hesablı uğuru idi. 2010-cu il mayın 9-da "Xəzər Lənkəran"la matçdan bu yana doğma arenaya həsrət qalmış komanda həmin il mayın 3-də "İnter"lə (1:1) debüt qarşılaşmasından sonra ilk böyük uğurunu qazandı. Görüşdə 3 qolun müəllifi olan gürcüstanlı Giorgi Adamiya çempionatlarımızın tarixində 50 və daha çox qol vuranların sırasına daxil oldu və maraqlıdır ki, o bu şərəfə keçmiş klubu ilə görüşdə nail oldu. Bununla Adamiya uzun müddətdir çoxdan vurduğu 15 qolla ən məhsuldar oyunçular sırasında birinciliyi əldən verməyən özbəkistanlı Bahadır Nəsimovu ("Neftçi") da taxtdan saldı.
Bu matç sanki statistik göstəriciləri ilə yadda qalacaq. Çünki səfərə ikinci heyəti ilə yollanan "Neftçi" ilə "Qarabağ"ın duelində oyun marağı çox aşağı idi. Millinin sükançısı Berti Foqtsun da "yoxlama oyun" adlandırdığı bu görüşdə əzəli rəqabətin heç izi də yox idi. Əvəzində, Vətən torpağının əziz və yaralı yeri olan Ağdamda - Azərbaycanın futbol mərkəzlərindən birində daim çılğınlığı, yüksək ovqatı ilə seçilən yerli azarkeşlərin futbol sevincini yaşaması dərdə dərman olmasa da, ürəkləri bir daha ovundurdu.
Söz yox ki, elə də böyük əhəmiyyət kəsb etməsə də, bu qarşılaşma həm də gümüş mükafat uğrunda mübarizədə intriqanı son tura istiqamətləndirdi.
Çünki Aleksandrs Starkovsla da öz oyununu tapa bilməyən "Bakı" Lənkərandan növbəti dəfə məğlubiyyətlə qayıtmaqla, rəqibinin yerində qalmasına şərait yaratdı, həm də "altılıq" mübarizəsinin sonuncu pilləsindəki yerini qətiləşdirdi. Doğrudur, "Bakı"nın uğursuzluqlarını baş məşqçinin yeni olması və heyəti özünün qurmaması ilə əlaqələndirirlər. Lakin bu heç də əsas vermir ki, kollektvin oyun elementlərindəki geriləmələr əyani görünməsin. Ölkə çempionatında iddialı olan "Bakı" latviyalı çalışdırıcının zəiflər üçün ölçülüb-biçilmiş oyun üslubundan nəsə götürmək üçün 180 dərəcə dəyişməlidir. Bu isə elə də asan məsələ deyil. Yeri gəlmişkən, mövsümdə yarışa maraq tam azaldığından, artıq komandaların transfer bazarındakı soraqları get-gedə artmaqdadır. Mahir Şükürovu əldə etmiş "Qəbələ"nin Vurğun Hüseynovu da heyətinə qatması haqda xəbərlərin ardınca digər komandalardan da soraqlar eşidilməkdədir. Bu mənada Elvin Məmmədovun transferini həll etdiyi söylənilən "Bakı" da daha çox dəyişikliklərə məruz qalanlar arasında olacaq.
"Qəbələ"nin adını çəkdiksə, hələ "altılıq" yarışı başlamadan əvvəl heç bir marağı qalmayan "aşağılar"ın mübarizəsində liderlik uğrunda mübarizə son tur ərəfəsi gündəmə gəldi. İndi "Muğan" da bu yerə iddialıdır. Ötən turun görüşləri arasında komandaların daha çox baş məşqçisiz meydana çıxması diqqəti çəkdi. "Muğan"ı çoxdan əvəzləyici meydana çıxarır. Şəxsi məsələlərə görə, Toni Adams vətəninə yola düşdüyündən, "Qəbələ"ni də ötən tur meydan kənarından Qari Stivens idarə etdi. Ən gözlənilməz hadisə isə "Turan"da baş verdi. 4 dəfə məşqçi dəyişmiş Sakit Alıyevlə başlayıb, gürcüstanlı Revaz Dzodzuaşvili ilə yolunu davam etdirən tovuzlular sonradan Naci Şənsoyu komandaya dəvət etdilər. O da ötən tur ərəfəsi klubdan uzaqlaşdırılsa da, yerli mütəxssis Asim İbrahimov da klubda heç bir tur davam gətirmədi. Gedişi naməlum mütəxəssis indi komandanı 5-ci məşqçinin ümidinə qoydu.
BATI YAR


Futbol. Azərbaycan çempionatı.
Premyer liqa. Final mərhələsi.
31-ci tur 1-ci altılıq
13 may (cümə)
"İnter" (Bakı) - AzAL (Bakı). 0:0.
"Xəzər Lənkəran" - "Bakı". 2:0 (Manuel Skarlatake, 67, Emeka Opara, 83).
"Qarabağ" (Ağdam) - "Neftçi" (Bakı). 3:0 (Giorgi Adamiya, 5, 13, 49-pen.).

31-ci tur 2-ci altılıq
12 may (cümə axşamı)
"Gəncə" - "Qəbələ". 0:0.
"Muğan" (Salyan) - MOİK (Bakı). 1:0 (Con Pelu, 90+2).
"Turan" (Tovuz) - "Simurq" (Zaqatala). 2:1 (Vurğun Hüseynov, 4, Müəmmar Ərdoğdu, 28 // Qafar Qafarov, 60).

Xəbər 1194 dəfə oxundu.