Xaçmaz Olimpiya İdman Kompleksinin tikintisi davam edir
Xaçmazda inşa olunan Olimpiya İdman Kompleksində tikinti işləri sürətlə davam etdirilir.

6 hektar sahəni əhatə edən kompleksdə ümumi sahəsi 12800 kvadratmetr olan 3 korpus inşa edilib. Bu korpuslarda yaradılmış universal güləş, ağır atletika, boulinq, aerobika, gimnastika, trenajor zalları, həmçinin böyüklər və balacalar üçün nəzərdə tutulmuş hovuz kompleksi, sauna, masaj və digər xidməti otaqların tikintisi başa çatmaq üzrədir. Bundan əlavə, ərazidə 3 mərtəbəli, 36 nəfərlik, 23 nömrədən ibarət mehmanxana da artıq hazır vəziyyətdədir. İdman qurğusunda biri VİP olmaqla 5 kotec də inşa olunub.
Olimpiya İdman Kompleksinin tikintisinə 200-ə yaxın işçi cəlb olunmuşdur. Burada qazanxananın, elektrik yarımstansiyasının tikintisi başa çatmış, kanalizasiya xətləri çəkilib.
Kompleksin tərkibindəki Olimpiya meydançasında inşa edilən stadionun uzunluğu 90, eni 66 metr, qaçış zolağının uzunluğu isə 450 metrdir. Meydançanın 780 kvadratmetr sahəsi isə yüngül atletikanın digər növləri üçün istifadə ediləcək.

Xəbər 1192 dəfə oxundu.