“Naxçıvan kuboku” start götürdü
Mayın 7-də Naxçıvan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirin təntənəli açılış mərasimi olub.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov turnir iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. V.Talıbov bildirib ki, adından da göründüyü kimi, beynəlxalq turnir “Naxçıvan kuboku” uğrunda keçirilir. Naxçıvan Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biridir. Beş min ildən artıq şəhər mədəniyyətinə malik olan Naxçıvan Azərbaycan dövlətçiliyinin, elminin və mədəniyyətinin inkişafında özünəməxsus yerə və rola malikdir. Bu torpaq bizim eradan əvvəl dördüncü minilliyə aid Gəmiqaya mədəniyyəti, “Əshabi-Kəhf” dini-tarixi abidəsi, 5 min il bundan əvvəl duz emalı texnologiyasının mənimsənilməsinin canlı şahidi olan Naxçıvan duzdağı, tükənməz təbii sərvətləri, nəhayət, bu şəhərin əsasını qoyan ulu əcdadımız Nuh peyğəmbərlə məşhurdur. Naxçıvan dünyaya qüdrətli şəxsiyyətlər bəxş edib. Onlardan biri də müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevdir. Yunan-Roma güləşi üzrə beynəlxalq turnirin ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü şərəfinə və onun vətənində keçirilməsi bu yarışın məna və əhəmiyyətini daha da artırır”.
Çıxışının sonunda Ali Məclisin sədri turniri açıq elan edib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra beynəlxalq turnirin açılış mərasimi konsert proqramı ilə davam edib. Naxçıvan Güləş Federasiyasının güləşçiləri “Güləşçilər kompozisiyasını” göstərib, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı maraqlı proqramla çıxış edib. Xalq artisti Ağadadaş Ağayevin, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Tural Nəcəfovun, Azər Cəfərlinin, Mübariz Əsgərovun, Gülyanaq Fərzəliyevanın, müğənnilərdən Zülfüqar Mahmudovun, Nərmin Hüseynlinin, Qəribə Həsənovanın ifa etdikləri mahnılar, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Estetik Tərbiyə mərkəzlərinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qruplarının çıxışları alqışlarla qarşılanıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 9 ölkənin 130 idmançısı mübarizə aparır.

Xəbər 1369 dəfə oxundu.