Namiq Əliyev FİLA-nın seçkisi barədə nə deyib?
FİLA yeni başçısını seçib

Moskvada FILA-nın növbədənkənar Konqresi keçirilib. Toplantıda güləşin qurumun quruma yeni prezident seçilib.
Yadınızdadırsa, bu idman növündə gərginlik BOK-un Icraiyyə Komitəsinin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramında olacaq 25 idman növü sırasına güləşin daxil etməməsindən sonra başlamışdı.

Həmin qərarın ardınca FILA-nın Icrayyə Komitəsinin üzvləri bu ilin fevralında səs çoxluğu ilə prezident Rafael Martinettiyə etimadsızlıq göstərərək, onun istefasına nail olmuşdu. Belədə, serbiyalı Nenad Laloviç müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etməyə başlamışdı.
Rusiya paytaxtında təşkil olunmuş yığıncaqda FILA Icraiyyə Komitəsinin üzvü Namiq Əliyev də iştirak edib. AGF-ın 1-ci vitse-prezidenti «Lider» televiziyasının Moskva bürosuna verdiyi müsahibəsində Konqresdə qəbul edilən yeni qərarlar barədə fikirlərini bölüşüb.

Toplantıda, həmçinin güləş qaydalarında bəzi dəyişikliklər edilib. Yeni qaydalara əsasən, pəhləvanlar əvvəllər olduğu kimi, hər biri 3 dəqiqədən ibarət olan 2 hissədə mübarizə aparacaqlar. Qalib toplanan ümumi xallar əsasında müəyyənləşəcək. Bununla əlaqədar Texniki Komitə ortaya çıxacaq bütün detalları ən qısa müddətdə müzakirə edəcək. Təkmilləşmiş qaydalar bu ilin sentyabrında Macarıstanda keçiriləcək dünya çempionatında tətbiq ediləcək.

Seçkilərə gəldikdə, gözlənilən ehtimallar özünü doğruldub: Nenad Laloviç səs çoxluğu ilə FİLA-nın yeni prezidenti seçilib. 132 nümayəndənin səs verdiyi Konqresdə 125 nəfəri serbiyalının lehinə, 7-si əleyhinə olub.

Namiq Əliyevin sözünə görə, Laloviç 2014-cü ilin sentyabrına qədər FILA prezidenti vəzifəsini icra edəcək və həmin vaxt növbəti prezident seçkiləri olacaq. Tədbir zamanı, FILA Icraiyyə Komitəsinə 3 fəxri üzv də seçilib.

Xəbər 1104 dəfə oxundu.