Ağcabədi şəhərində Şahmat Məktəbinin yeni binası istifadəyə verilib
Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi şəhərinin Üzeyir Hacıbəyli prospektində yeni inşa olunan Şahmat Məktəbinin binasının açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı binanın açılışını bildirən lenti kəsdi və məktəblə yaxından tanış oldu.
Məlumat verildi ki, rayonda 1983-cü ildən fəaliyyət göstərən Uşaq Gənclər Şahmat Məktəbinin əvvəlki binası yararsız halda olduğundan ötən ilin iyunundan yeni binanın tikintisinə başlanılmışdı. Müasir üslubda inşa olunan bu tədris binası şahmat meydançasına bənzədilib. Məktəbin həyətində açıq havada şahmat oynamaq üçün geniş sahə yaradılıb. İtaliyadan gətirilən və xüsusi texniki qulluqla yetişdirilən şahmat fiqurları formasında olan kollar binaya əlavə gözəllik bəxş edir. Ərazidə yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi yaradılıb, yaraşıqlı fəvvarə tikilib. Bildirildi ki, 483 kvadratmetr sahəsi olan ikimərtəbəli binanın birinci mərtəbəsində 8 sinif otağı vardır. Müasir havalandırma sistemi ilə təchiz olunan bina xüsusi dizaynla inşa edilib.
Prezident İlham Əliyev dərs otaqlarına baxdıqdan sonra binanın ikinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmana, xüsusən də şahmata və şahmatçılara olan diqqət və qayğısını əks etdirən fotolardan ibarət stendlərə baxdı.
Oyun zalı ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, ümumi sahəsi 148 kvadratmetr olan zalda eyni vaxtda 100-dək şahmatçı görüş keçirə bilər. Oyunların canlı izlənilməsi üçün zalda bir neçə kamera quraşdırılıb. Binanın girişində quraşdırılan monitor məktəbdə gedən yarışları canlı izləməyə imkan verir. Zalda müxtəlif şahmat fiqurlarından və kompozisiyalardan ibarət xüsusi guşələr də yaradılıb. Bütün siniflər və yarış zalı şahmat taxtaları, saat və lazımi avadanlıqla təchiz olunub.
Sonra Prezident İlham Əliyev burada yaradılan kompüter otağına baxdı. Bildirildi ki, kompüter otağı yüksək sürətli internetlə təmin edilib ki, bu da dərslərin kompyuter vasitəsilə keçilməsinə, ən son yenilikləri qısa zaman çərçivəsində öyrənməyə şərait yaradacaq.
Vurğulandı ki, Ağcabədi Şahmat Məktəbi bir sıra respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Ağcabədi şahmatçıları son 3 il ərzində respublika şahmat turnirlərində 100-dək medal, diplom və kuboklara layiq görülüblər. 2008-ci ilin avqustunda Bakıda keçirilən uşaq gənclər şahmat məktəbləri komandalarının Respublika birinciliyinin final mərhələsində iştirak edən Ağcabədinin qızlardan ibarət komandası uğurla çıxış edərək üçüncü yerə layiq görülüb. Fərdi yarışlarda isə Fərid Abdullayev, Əsmər Həsənova, Aysun Bədəlova medal qazanıblar.
Dövlətimizin başçısına məlumat verildi ki, Şahmat Məktəbinin yanında 100 min cildlik elektron kitabxananın tikilməsi üçün yer ayrılıb.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, görülmüş işlərdən razılığını bildirdi.

AzərTAc

Xəbər 2593 dəfə oxundu.