Səmti müəyyən etmə üzrə 1-ci beynəlxalq yarışda kimlər qalib gəldi?
10-12 mayda Xaçmaz rayonunun Nabran qəsəbəsində ümummilli lider Heydər Əliyevin 90-illik yubileyinə səmti müəyyən etmə idmanı üzrə 1-ci beynəlxalq yarış baş tutub. İdman.com.az saytı xəbər verir ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə təşkil olunmuş bu turnir, xarici mütəxəssislər tərəfindən yeni hazırlanmış və bütün beynəlxalq standartlara müvafiq olan üç idman xəritəsi üzrə (Azərbaycanda 11 idman xəritəsi var) keçirilib. Azərbaycan səmti müəyyən edən idmançılarından əlavə yarışda Gürcüstan, Qazaxıstan, Çin, Moldova, Rusiya, Türkiyə, Ukrayna və Fransa kimi ölkələrdən təşrif buyurmuş idmançılar da iştirak ediblər.

Yarışın hər iki günü ərzində qaçışda birbaşa iştirak etmiş idmançıların ümumi sayı 241 nəfərə çatıb (29 komanda təmsil olunmuşdur). Bu isə müstəqil Azərbaycan dövründə səmti müəyyən etmə idmanı üzrə keçirilən yarışlarda iştirak edən idmançıların rekord göstəricisidir.

Sözü gedən mübarizə Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası (IOF) tərəfindən maraqla qarşılanıb. Buna görə, IOF Prezidentinin xüsusi nümayəndəsi kimi IOF-un Rəyasət heyətinin üzvü Tatyana Qələndəroğlu Bakıya təşrif buyurub.

Yarışın baş hakimi Nizami Mursakulov (Azərbaycan) olub. Hakimlər kollegiyasının tərkibinə xarici mütəxəssilər – Rusiya Səmti Müəyyn Etmə Federasiyasının nümayəndəsi Aleksandr Trempoltsev və Ukrayna Səmti Müəyyən Etmə Federasiyasının nümayəndəsi Mixail Puqaç da daxil olmuşlar.

10 mayda yarış iştirakçıları Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidenti M.Kazımovun başçılığı ilə, eləcə də Kubok yarışının fəxri qonaqları – Beynəlxalq SMEF-in Rəyasət heyətinin üzvü T.Qələndəroğlu, Ukraynanın Azərbaycandakı Səfiri A.Mişenko, Türkiyə SMEF-in Prezidenti T.Çolaqoğlu, Gürcüstan SMEF-in Prezidenti A.Xvedelidze Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Xaçmaz rayonundakı abidəsi önünə əklik və güllər qoyublar.

Respublikada keçirilən yarışların beynəlxalq standartlara çatdırılması məqsədilə Kubok yarışının təşkilatçıları tərəfindən üç qrup üzrə qaçışlar nəzərdə tutulmuşdur: səmti müəyyən etmə idmanı üzrə yarışlarda əvvəllər iştirak etmiş idmançılar üçün ən ağır məsafə - Kişilər/Qadınlar – 21 (Elit); yeni başlayanlar üçün “OPEN” və uşaqlar üçün “OPEN Junior” qrupları.

Beynəlxalq Kubok yarışının ilk günündə verilmiş istiqamətdə uzun məsafəyə qaçışlar keçirilmişdir (kişi idmançılar üçün nəzərdə tutulmuş K-21 (Elit) qrupunda məsafə 10,5 km, qadınlar üçün isə - 7,1 km ibarət idi). Həmin məsafədə iştirakçılar müvafiq olaraq 18 və 14 nəzarət məntəqəsində (NM) qeyd olunmalı idilər. Birinci günün nəticələrinə görə kişilər arasında birinci yerə Rusiya Federasiyasının idman ustası Slepov İlya layiq görülmüş, gümüş medalı Rusiyanın idman ustalığına namizədi Suxov Artyom qazanmış, 3-cü yeri isə Ukrayna təmsilçisi, idman ustalığına namizəd Dolqopol Rostislav tutub.

Q.-21 (Elit) qrupunda uzun məsafədə qadınlar arasında ən yaxşı göstəricini Rusiyanın idman ustası Truxina Yuliya vermiş, ikinci yeri Ukraynalı idmançı Puqaç Mariya tutmuş, bürünc medalı isə Azərbaycanın idman ustası Əliyeva Natalya (“Neftçi” klubu) qazanıb.

OPEN qrupunda uzun məsafədə (4,4 km – 8 NM) kişilər arasında Zakobluk Aleksey (Azərbaycan, Respublika Alpinist – Turist Klubu), Qalkin Vadim və Cəfərov Anar (Azərbaycan Skautlar Asosiasiyası) fərqlənmişlər. Qadınlar arasında 3,5 km – 8 NM məsafədə Hacızadə Aytac (Şəki ş. İcra Hakimiyyətinin komandası), Mişenko Miroslava (Ukrayna) və Qəhrəmanova Kəmalə (AR FHN komandası) fərqləniblər.

Kubok yarışının ikinci günündə verilmiş istiqamətdə qısa məsafədə qaçışlar keçirilmişdir. Nəticədə kişilər arasında K-21 (Elit) qrupunda qısa məsafədə (4,05 km – 13 NM) Rusiya Federasiyasının idman ustası Slepov İlya qalib gəlmiş, gümüş medala Rusiyanın idman ustalığına namizədi Suxov Artyom layiq görülmüş, 3-cü yeri isə Moldovanın idman ustalığına namizədi Bezdıqa Andrey tutub.

Qadınlar arasında Q-21 (Elit) qrupunda qısa məsafədə (3,1 km – 10 NM) RF İdman ustası Truxina Yuliya qalib gəlmiş, ikinci yeri Ukrayna təmsilçisi Puqaç Mariya tutmuş və bürünc medalı AR İdman ustası Əliyeva Natalya (“Neftçi” klubu) qazanıb.

OPEN qrupunda qısa məsafədə (3 km – 11 NM) kişilər arasında ən yaxşı nəticələri Ələskərov Əziz (Azərbaycan, Respublika Alpinist – Turist Klubu), Məmmədov Aqşın (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) və Zakobluk Aleksey (Azərbaycan, Respublika Alpinist – Turist Klubu) göstəriblər.

OPEN qrupunda qadınlar arasında qısa məsafədə (2.3 km – 10 NM) Çerpakova Ellina (Bakı Slavyan Universiteti), Babayeva Rövşanə (Azərbaycan Skautlar Asosiasiyası) fərqlənmiş, üçüncü yeri isə Həmdullayeva Ülkər (Azərbaycan, fərdi hesab) tutub.

Komanda hesabında yarışın iki günü üzrə alınmış nəticələrə görə Heydər Əliyev adına Kuboku peşəkar səmti müəyyən edən idmançılardan ibarət Rusiya Federasiyasının komandası qazanmış, ikinci yeri həm Ukraynadan təşrif buyurmuş səmti müəyyən edən idmançılar, həm də Ukraynanın Azərbaycandakı Səfiri A.Mişenko daxil olmaqla, Ukrayna Səfirliyinin əməkdaşlarından ibarət Ukrayna komandası qazanmışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Kubokun bürünc medalını isə səmti müəyyən etmə idmanı ilə cəmi 1 ildir ki məşqul olan, lakin yaxın gələcəkdə yüksək nailiyyətləri qazanmaq üçün böyük potensialın olduğunu təsdiq edən nəticələri göstərmiş “Neftçi” (Azərbaycan) klubunun komandası qazanıb.

Bundan əlavə, Kubok yarışının birinci günündə kişilər arasında məsafənin (10 km) xüsusi çətinliyini nəzərə alaraq, hakimlər kollegiyası bu qrup üzrə kişilərdən ibarət ən yaxşı komandanı mükafatlandırmaq qərarına gəlmişdir. Beləliklə, birinci yeri Rusiya Federasiyası tutmuş, gümüş medalı – Ukrayna komandası, üçüncü yeri isə Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası tutub.
Səciyyəvi məqamlardan biri o oldu ki, OPEN Junior qrupu üçün nəzərdə tutulmuş məsafədə 34 uşaq iştirak etmiş, onların hər biri Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının diplom və hədiyyələri ilə təltif olunmuşdur.

Fərdi hesabda çıxış edən qalib və mükafatçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin medal və diplomları ilə təltif olunmuşdurlar. Bundan başqa, qaçış iştirakçıları Azərbaycan Respublikası Vergilə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, eləcə də Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən təqdim olunmuş qiymətli hədiyyələrlə əlavə olaraq təltif olunmuşdurlar.

Yarışların keçirildiyi günlər ərzində xüsusi müsbət abu-hava hökm sürürdü. Səmti müəyyən edən idmançı veteranlar son on il ərzində öz kütləviliyini və populyarlığını itirmiş onların sevdiyi idman növünün yenidən necə sürətlə Azərbaycanda dirçəldiyinə ürəkdən sevinirdilər. Gənclər yüksək nailiyyətlər idmanına qoşulmuş və köhnə dostlarla görüşmək və bu idman növü ilə maraqlanan digər ölkələrdən Azərbaycana gəlmiş iştirakçılar arasından yeni dostlar qazanmaq imkanına malik olmuşlar.

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası qeyd etmək istərdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bütün sahələrə olduğu kimi, idmanın inkişafına ayırdığı diqqət sayəsində son zamanlar Respublikamız nüfuzlu irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Həmçinin, Federasiya turnirin həmtəşkilatçıları və sponsorlarına, xüsusilə də Səmti Müəyyən Etmə İdman Federasiyasının bütün yarışlarının təşkil olunmasına daimi dəstək olan Vergilər Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə öz minnətdarlığını bildirir.

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası qeyd olunan beynəlxalq yarışın keçirildiyi müddət ərzində Nabranda yerləşən “Ulduz” istirahət bazasının SMEF-ə Yarış Mərkəzi kimi təqdim olunması üçün göstəriş vermiş Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik , cənab Vaqif Axundova xüsusi minnətdarlığını bildirir. Həmçinin, onu qeyd etmək lazımdır ki, XDMX tərəfindən yarışın bütün iştirakçıları üçün birbaşa finiş yerində “sahə mətbəxi” (əsgər sıyığı və çay) təşkil olunmuşdur.

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası bu əyləncəli idman növünün Azərbaycanda gələcək inkişafı üçün səylə çalışmağa davam edəcəkdir. Bununla əlaqədar olaraq, həm sağlam həyat tərzi sürmək, həm də Azərbaycanın idman maraqlarının beynəlxalq arenada müdafiə olunması üçün peşəkar bacarıqları əldə etmək məqsədilə, səmti müəyyən etmə idman növü ilə məşqul olmaq istəyən hər kəsi səmti müəyyən etmə ailəsinə dəvət edir.

Xəbər 1376 dəfə oxundu.