"Rəvan" hazırlıqları başa vurdu
Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində sabah AZAL-ı qəbul edəcək "Rəvan" bu oyuna hazırlığı başa vurub.

“Sürücülər” bu gün keçirilən məşqdən sonra oyun saatını gözləməyə başlayıb.

"Bayıl stadionu"nda baş tutan son məşq təxminən 1 saat davam edib. Baş məşqçi Ramil Əliyev hazırlıq ərzində yetirmələrini qısa və dəqiq ötürmələr üzərində xüsusi çalışdırıb. Futbolçular təzyiq altında topu özündə maksimum dərəcədə çox saxlamaq tapşırığını da yerinə yetirib. Məşqin sonunda isə cinah asmaları və qapıya zərbələr üzərində işləməyə imkan oldu.

Qeyd edək ki, komandada növbəti oyun üçün yalnız 1 itki var. Amma bu, çox ciddi itkidir. Belə ki, cari mövsüm 14 qol vuraraq komandasının əsas qoleadoruna çevrilmiş Xuan Manuel Varea sarı vərəqə limitini doldurduğuna görə cəzalıdır və 1 matç buraxmalı olacaq. Qeyd edək ki, argentinalı qoleador cari mövsüm Azərbaycan Premyer Liqasındakı bütün oyunlarda start heyətində meydana çıxmışdı. Başqa sözlə, onun seriyası da qırılacaq.

Əvəzində "Kəpəz"ə son oyunda cəzalı olan Orxan Lalayev, Samuel Barlay və Miloş Adamoviç cəzasını başa vurub. Baş məşqçi Ramil Əliyev bu "üçlük"dən savayı, zədələrini sağaldan Nikolay Orlovski və Mindauqas Kalonasın da xidmətindən yararlana biləcək.

Xəbər 893 dəfə oxundu.