Hokkey klublarımız avrokuboklara yollanır
Mayın 14-də ölkəmizin 3 hokkey klubu Avropa kuboku uğrunda turnirə yola düşür. Otüstü Hokkey Federasiyasından idman.com.az saytına verilən məlumatına görə, kişilərdən ibarət “Atasport” və “Akkord” komandaları müvafiq olaraq, qitəmiqyaslı “Çelenc I” və “Çelenc II” turnirlərində, qadınlardan ibarət “Bakı” klubu isə “Trofi” yarışında iştirak edəcək.

“Atasport” klubu mayın 17-dən 20-dək Çex Respublikası paytaxtı Praqada keçiriləcək yarışın “B” qrupunda Uelsin “Vaytçarc”, Cəbəllütariqin “Eagles” və yerli “Pizen Litice” klubları ilə birgə mübarizə aparacaq. “A” qrupuna isə “Servette” (İsveçrə), “Slaviya Praqa” (Çex Resb.), “HK Minsk” (Belarus) və Sloveniyanın “Lipovçi” komandaları daxildirlər.

Mayın 17-də həmyerlilərimiz “Eagles”, ertəsi gün “Pizen Litice”və mayın 19-da son qrup oyununu “Vaytxarx” klubuna qarşı keçirəcəklər. Turnirin yekununda iştirakçılar qruplarda tutduqları yerlərə müvafiq olaraq “çarpaz” üsulla digər qrupun komandası ilə qarşılaşacaqlar.

“Çelenc II” yarışında “B” qrupunda mübarizəyə qoşulan “Akkord” klubu Yunanıstanın paytaxtı Afina şəhərində yarışacaq. Ölkə çempionunun rəqibləri İsveçin “Partille”(16 may), Slovakiyanın “KPH Raca”(17 may) və Portuqaliyanın “Akademika Espinho”(18 may) komandaları olacaq. Bu yarışda da iştirakçıların tutduqları yekun yerlər mayın 19-da eynilə Praqadakı kimi - “çarpaz” üsulla keçirilən oyunlardan sonra aşkar ediləcək.

Belçikanın Antverpen şəhərində “B” qrupunda yarışacaq qadın otüstü hokkeyçilərdən ibarət “Bakı” klubu isə Avropa Kuboku uğrunda turnirin ilk oyununu mayın 17-də Rusiya təmsilçisi “CSP İzmaylova”ya qarşı keçirəcək. Bir gün sonra xanım hokkeyçilərimiz İngiltərənin “Reading” klubu ilə, ilkin mərhələnin son oyununu isə meydan sahibi “Royal Antverpen”lə görüşəcəklər.

Digər qrupa daxil olan İspaniyanın “Real Sosiedad de Futbol”, Belarusun “Viktoriya Smoleviçi”, İrlandiyanın “Pailvay Union LHC” və Ukraynanın “MSC Sumçanka” klubları da ilkin mərhələ oyunlarını başa vurduqdan sonra tutduqları analoji yerlərə müvafiq olaraq digər qrupun təmsilçisi ilə qarşılaşaraq yekun yerləri müəyyənləşdirəcəklər.

Xəbər 1267 dəfə oxundu.