Yeniyetmələrin Azərbaycan çempionatı keçiriləcək
Mayın 18-21-də “Sərhədçi” Olimpiya-İdman Mərkəzində yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan çempionatı keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq çempionatda, ölkənin bütün bölgələrini təmsil edən 1996-97-ci il təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparacaqlar.

Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşqi təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Turnirin proqramına əsasən, mayın 18-19-da sərbəst, mayın 21-21-də isə yunan-Roma güləşçiləri arasında ən güclülər müəyyənləşəcəklər.

Yarışlar hər gün səhər saat 10:00-da başlanacaq. Təntənəli açılış marasimi mayın 18-i, saat 17:00-a təyin edilib. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Xəbər 1989 dəfə oxundu.