Salyanda sərbəst güləş üzrə respublika turniri
Mayın 2-də Salyan rayon “Aran” idman klubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş yeniyetmələr arasında sərbəst güləş üzrə respublika turniri keçirilib.

Neftçala, İmişli, Xocavənd, Şirvan, Beləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Bakının Lokomotiv klubu və Salyan rayon komandalarının iştirakı ilə keçirilən turnirin məqsədi ümummilli lider H. Əliyevin xatirəsini əbədiləşdirmək, sərbəst güləş idman növünü inkişaf etdirmək və perspektivli idmançıları aşkar etməkdir.

Turnirdə Azərbaycan Güləş Federasiyasının vitse prezidenti, Olimpiya çempionu Namiq Abdullayev, Dünya Çempionu Arif Abdullayev və Xəzər İsayev qonaq kimi iştirak ediblər.

Azərbaycan güləş Federasiyası tərəfindən təsdiq edilmiş qaydalara əsasən ümumilikdə 12 rayondan 200 nəfərə yaxın idmançının iştirakı ilə keçirilən yarışda 2 yaş qrupunda 11-15 yaşlı yeniyetmələr arasında 18 çəki dərəcəsində idmançılar öz quvvələrini sınayıblar.

Yekun nəticələr görə komanda hesabında Salyan rayon komandası 4 qızıl, 8 gümüş və 14 brünc medal qazanaraq birinciyə, Cəlilabad komandası 3 qızıl, 6 gümüş və 8 brünc medal qazanaraq ikinciyə, Astara rayon komandası 3 qızıl, 4 gümüş və 5 brünc medal qazanaraq üçüncü yerə layiq görülüblər.

Sonda qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 876 dəfə oxundu.